Məhkəmə qərarları › İş №3(039)-164/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-164/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-164/2025 04.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon polis şöbəsinin yol patrul xidməti baş inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri, Nizami prospekti, m 241-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq qərar qəbul edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə xx.xx.2024-cü il tarixli EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yevlax rayon polis şöbəsinin yol patrul xidməti baş inspektoru, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən və müvafiq protokolun tərtib olunmasına əsas olan xx.xx.2024-cü il tarixli EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında qərar Baş Dövlət Yol Polis İdarəsi tərəfindən elektron qaydada avtomatik tərtib edilmişdir. Vətəndaş Şəxs Yevlax rayon polis şöbəsinin yol patrul xidmətinə müraciət edərək yanlışlıq olduğunu bildirdiyindən tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtibinə əsas olmuş xətanı törədən həqiqətdə “Vaz 21074” minik markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olsa da, sözügedən qərar səhvən “Qaz 31029” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Şəxs barəsində tərtib olunmuşdur. Bundan sonra həmin qərarın ləğv olunması üçün Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunmuş, hazırda müraciətə baxılır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun mülkiyyətində “Qaz 31029” minik markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. O, həmin avtomobili Yevlax rayonu ərazisində idarə edir. Lakin, o, inzibati xəta törədilən vaxt, yəni xx.xx.2024-cü il tarixdə həmin nəqliyyat vasitəsini Lənkəran rayonunda idarə etməmişdir. Belə ki, həmin nəqliyyat vasitəsi tam saz olmadığından o, Yevlax rayonundan kənara həmin avtomiobillə getmir. Buna baxmayaraq barəsində xx.xx.2024-cü il tarixli EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında qərar Baş Dövlət Yol Polis İdarəsi tərəfindən elektron qaydada avtomatik tərtib edilmişdir. Məsələni aydınlaşdırmaq üçün Yevlax rayon polis şöbəsinin yol patrul xidmətində olarkən xx.xx.2024-cü il tarixli EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtibinə əsas olmuş xətanın reallıqda həqiqətdə “Vaz 21074” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Lənkəran rayonundan Lerik rayonu istiqamətində törədildiyi ona məlum olmuşdur. Həmin sənədi məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdən “Qaz 31029” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir; xx.xx.2024-cü il tarixli EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “Qaz 31029” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Baş Dövlət Yol Polis İdarəsinin elektron sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:48:59-də Lənkəran NTS Hava limanının qarşısı Lerik istiqamətində “Qaz 31029” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İXM-in 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş xətanı törətmişdir, foto şəkil 4633 nömrəli kamera ilə qeydə alınmışdır, foto şəkildə olan avtomobil isə “Vaz 21074” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş üzrə müəyyən edilmişdir ki, “Qaz 31029” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən “Qaz 31029” minik markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində EQ 23518937 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan qəbul edilmişdir. Sözügedən inzibati xəta isə xx.xx.2024-cü il tarixdə saat 10:48:59-də Lənkəran NTS Hava limanının qarşısı Lerik istiqamətində “Qaz 31029” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən deyil, məhz “Vaz 21074” minik markalı, **- GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmişdir. Göründüyü kimi Yevlax RPŞ tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas “Vaz 21074” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 10:48:59-də Lənkəran NTS Hava limanının qarşısı Lerik istiqamətində inzibati xəta törədilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən inzibati xəta törədilməsi xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilsə də iş materiallarına əlavə edilmiş fotoşəkildən inzibati xəta hadisəsinin məhz Şəxs tərəfindən törədilməsini müəyyən etmək qeyri-mümkündür, habelə sözügedən xətanın sonuncuya aid olmayan nəqliyyat vasitəsi ilə törədildiyi məlum olur. Bu halda isə inzibati orqanın İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi qənaətinə gəlməsi yalnız mülahizəyə əsaslanmışdır. Halbuki, İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 53, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar