Məhkəmə qərarları › İş №3(039)-170/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-170/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-170/2021 22.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Baş Dövlət X11 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı 8-ci tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Kəlbəcər rayonu Qaraçanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər şəhəri Vaqif küçəsi ev 2 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən və Baş Dövlət X11 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində və Baş Dövlət X11 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayında tərtib olunmuş protokollar xx xxxxxx 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisində sərxoş vəziyyətdə, etibarnaməsiz idarə etdiyi avtomobili ilə yol patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün Yevlax Rayon Polis Şöbəsinin post patrul xidməti əməkdaşları dəstəyə gəlmiş və həmin avtomobilin sürücüsü ictimai yerdə səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Baş Dövlət X11 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 məhkəmə iclasında tərtib etdiyi protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə xidmət yoldaşı X8 rayonu Aran qəsəbəsi ərazisində xismətdə olarkən hərəkətdə olan Mersedes Benz markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin işıq siqnalından düzgün istifadə etmədiyi üçün həmin avtomobilin sürücüsünə avtomobili dayandırması üçün siqnal vermişdilər. Lakin həmin sürücü onların tələbinə məhəl qoymayaraq avtomobili hərəkət etməyə davam etmişdir. Həmin avtomobili bir qədər təqib etdikdən sonra avtomobil dayanmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim edib sürücüdən sənədlərini istədikdə sürücü sənədlərinin olmadığını bildirmişdir. Bundan sonra həmin avtomobildə sərnişin kimi olan Natiq adlı şəxs özünü Qarabağ müharibəsi iştirakçısı kimi təqdim etmiş və onlara hədə-qorxu gəlməyə başlamışdır. Sürücü ilə söhbət zamanı onun sərxoş olduğunu hiss edib həkim müayinəsindən keçməyi təklif etdikdə sürücü etiraz etmişdir. Bundan sonra sürücüdən avtomobilin açarlarını tələb etdikdə sürücü açarın onda olmadığını bildirərək səs-küy salmağa başlamışdır. Onlar sürücünü nizam-intizama dəvət edərək avtomobilin açarlarını təkrar tələb etdikdə sürücü açarları verməmişdir. Bundan sonra onlar rəhbərliyə məruzə etdikdən sonra Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək sürücünü nizam intizama dəvət etsələr də, sürücü öz hərəkətlərini davam etdirərək ucadan səs-küy salmışdır. Bundan sonra sürücü saxlanılaraq Yevlax rayon polis şöbəsinə aparılmışdır. Avtomobili evakuator vasitəsilə cərimə dayanacağına apardıqdan sonra həkim sürücünü müayinə etmiş və sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında tərtib etdiyi protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yol Patrul Xidmətinin əməkdaşlarının dəstək istəməsi səbəbində rayon polis şöbəsinin əməkdaşları Yevlax rayonu Aran qəsəbəsi ərazisinə getmişlər. Polis əməkdaşları həmin ərazidə Şəxs ictimai yerdə səs-küy saldığını görüb onu nizam-intizama dəvət etsələr də, vətəndaş öz hərəkətlərinə davam etmişdir. Bundan sonra sürücü saxlanılaraq Yevlax rayon polis şöbəsinə aparılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, Gəncə şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə müştəri gətirmişdir. Mingəçevir şəhərində tanıdıqları şəxslərlə görüşmüş və yeyib içdikdən sonra Natiq adlı tanışı ilə Gəncə şəhərinə qayıdarkən Yevlax rayonu Aran qəsəbəsi ərazisində yol patrul xidməti inspektorları onun idarə etdiyi avtomobili saxlamışlar. Polis əməkdaşları ondan sənədlərini təqdim etməyini tələb etdikdə o polis əməkdaşlarına etibarnaməsinin və sürücülük vəsiqəsinin olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona sərxoşluğu müəyyən etmək üçün tibbi müayinədən keçməyi və avtomobilin dayanacağa getməyini bildirdikdə o, avtomobilinin açarlarını tapa bilmədiyi üçün polis əməkdaşlarına verə bilməyəcəyini bildirmişdir. Polis əməkdaşalrı açarları dəfələrlə istəsələr də o, yanında olan Natiq adlı şəxsin açarları avtomobildən götürdüyünü bildirmişdir. Bundan sonra post patrul xidməti əməkdaşları gəlmişlər və onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət X11 bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı 8-ci tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X2 Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsi ərazisində idarə etdiyi “Mersedes Benz C240 MİNİK” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:10 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu Aran qəsəbəsi ərazisindən keçən hissəsində ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 34 №-li, xx xxxxxx 2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; inzibati qaydada tutma haqqında xx xxxxxx 2021-ci il tarixlu protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:40-da inzibati qaydada tutulmuşdur; elektron portaldan çıxarışdan müəyyən olunur ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə, əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyalarının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx xxxxxx 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar