Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-173/2024 01.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi X4 və Yevlax rayonu Yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 511.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən Şəxs İXM-in 332.1, 511.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 01 aprel 2024-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 30 mart 2024-cü il tarixdə, saat 22:30 radələrində MERCEDES BENZ C240 MİNİK markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomaşınla nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, İXM-nin 511.1ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsi hallarına yol vermişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 mart 2024-cü il tarixdə saat 22:30 radələrində Yevlax rayonu ərazisində Yevlax rayonu Yol patrul xidməti inspektorlarının - polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə DYPB-nin YPX-nın inspektorları, polis baş serjantları Babək İbrahimovun, İsrayıl Cəbrayılovun, Zaur İbrahimovun və baş inspektor polis kapitanı Samir Səlimovun raportu daxil olmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 30 mart 2024-cü il tarixdə saat 22:30 radələrində bir neçə dəfə polisin qanuni tələbinə tabe olmayaraq, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq öz qərəzli hərəkətlərini davam etdirmiş, habelə sürücü saxlanılarkən qaçmağa cəhd göstərmiş, rayon polis şöbəsinə dəvət olunmaqla nizam intizama tabe olması bildirildikdə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq yenidən qaçmağa çalışmışdır. Daha sonra Şəxs Yevlax RPŞ-nin NH-yə gətirilməsi təmin olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayonu Yol patrul xidməti inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 30 mart 2024-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 ilə birlikdə Yevlax şəhəri Nizami prospektində KİA markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olan zaman MERCEDES BENZ C240 MİNİK markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomaşın saat təxminən 22:30 radələrində ötmə və ya manevr etmə qaydasını pozduğu üçün tərəfindən sayrışan işıqlar vasitəsi ilə həmin avtomaşına saxla işarəsi verilmiş, lakin sürücü avtomaşını qəsdən saxlamayaraq yüksək sürətlə cəmiyyətə açıqcasına nümayişkaranə şəkildə hörmətsizlik edərək yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı pozaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozub avtomaşını sürərək hərəkətini davam etdirmişdir. Onlar sürücünü nizam-intizama dəvət edib avtomaşını saxlamasını bildirdikdə sürücü avtomaşını rayonun Cırdaxan kəndi istiqamətində svetoforun qadağanedici işarəsinə, şəhərin çıxışında olan dəmir yol xəttinin qarşısında olan dayanmadan keçmək qadağandır nişanının tələblərinə məhəl qoymayaraq yenidən hərəkətini davam etdirmişdir. Daha sonra digər yol patrul xidmədi avtomobili onun qarşısını kəsərkən avtomaşını onların üstünə sürərək hərəkətini Bakı-Gəncə yolu istiqamətində davam etdirmişdir. Daha sonra görülmüş tədbirlər nəticəsində avtomobil saxlanılmış və sükan arxasında sürücünün Şəxs olduğu, gabelə sonuncunun həmin avtomaşını idarə etmək üçün etibarnaməsinin olmadığı aşkar edilmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 30 mart 2024-cü il tarixdə Yevlax şəhəri, Nizami prospekti ərazisində atasına məxsus MERCEDES BENZ C240 MİNİK markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnaməsi olmadan idarə edərkən Yevlax RPŞ-nin YPX-nın xidməti avtomobili ona saxla işarəsi vermiş, lakin o, etibarnaməsi olmadığı üçün qəsdən nəqliyyat vasitəsini saxlamamışdır. Bundan sonra YPX-nın əməkdaşları xidməti avtomobillə onu saxlatmaq istəyərkən o, qorxduğu üçün saxla əmrinə tabe olmamış və hərəkətini davam etdirmişdir. Həmçinin, bildirdi ki, YPX-nın xidməti avtomobilinin üstünə qəsdən maşın sürməmiş, sadəcə maşının istiqamətini Bakı- Gəncə yolunda rayonun Aran qəsəbəsi istiqamətində dəyişərkən belə vəziyyət alınmışdır. Daha sonra polis əməkdaşları onu saxlatdırmış və rayon polis şöbəsinə getməli olduğu ona bildirildikdə polisin qanuni tələbinə tabe olmamışdır. O, avtomobili idarə edərkən avtoxuliqanlıq hərəkətlərinə yol verməmiş, sadəcə atasına məxsus maşını idarə etmək üçün etibarnaməsi olmadığından yol polisis onu saxlayarkən tabelmayaraq yüksək sürətlə bir sıra yol hərəkəti qaydalarını pozaraq polisdən yayınmağa çalışmışdır. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin Yevlax rayonu Yol patrul xidməti inspektoru polis serjantı X5 izahatında göstərdi ki, Yevlax rayonu Yol patrul xidməti inspektoru X3 və bölmənin rəisi X6 ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində “KİA” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Yevlax şəhəri Nizami prospektində xidmətdə olarkən, “Mercedes Benz” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsitələrini yüksək sürətlə sağdan ötərək, ötmə qaydalarını pozmuşdur, onlar həmin avtomobilə sayrışan işıq və səs siqnalı ilə dəfələrlə saxla işarəsi versələr də, həmin sürücü yüksək sürətlə ziqzaqvari hərəkətlər edərək, onların saxlama işarələrinə qəsdən tabe olmamış, yüksək sürətlə həmin sürücü Nizami prospekti ilə Kamil Sabitov küçəsinin kəsişməsində olan işıqforun qadağan edici işarəsinə məhəl qoymayaraq sürətlə həmin prospektdə yerləşən birtərəfli dəmiryolu keçidində quralaşdırılmış 2.5 stop yol nişanlarının tələblərini pozmuşdur. Onlar həmin avtomobili digər patrul avtomobilinin köməkliyi ilə saxlamışlar, avtomobilin sükanından düşən sürücü qaçmaq istəyərkən, digər polis əməkdaşlarının köməyi ilə saxlanılmış, və sürücü nizam intizama dəvət olunaraq avtomobili ilə birlikdə RPŞ-yə dəvət olunan zaman sürücü RPŞ-yə getməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq təkrar qaçmağa cəhd etdiyi üçün tərəflərindən saxlanılaraq RPŞyə gətirilmişdir. RPŞ-də məlum oldu ki, sürücü Yevlax şəhəri Nizami prospekti ev 27 mənzil 3-də yaşayan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin Yevlax rayonu Yol patrul xidməti bölüyünün rəisi X6 şahid X2 izahatına uyğun izahat vermiş və məhkəmənin Şəxs hərəkətlərində İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş hansı hərəkətlərə yol verməsi sualına cavab verə bilməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirdi ki, Şəxs özünü qismən təqsirli bilir. Müdafiə etdiyi şəxsin avtoxuliqanlıq etməsini təsdiq edəcək sübut yoxdur. Onun əməlində İXM-nin 511.3-cü maddəsi ilə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini, onun İXM-nin təqsirli bilindiyi 332.1 və 535.1-ci maddələri ilə yüngün tənbeh olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Yevlax RPŞ-nin DYPB-nin YPX-nın inspektorları, polis baş serjantları Babək İbrahimov, İsrayıl Cəbrayılov, Zaur İbrahimov və baş inspektor polis kapitanı Samir Səlimov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində “KİA” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Yevlax şəhəri Nizami prospektində xidmətdə olarkən, “Mercedes Benz” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsitələrini yüksək sürətlə sağdan ötərək, ötmə qaydalarını pozmuşdur, onlar həmin avtomobilə sayrışan işıq və səs siqnalı ilə dəfələrlə saxla işarəsi versələr də, həmin sürücü yüksək sürətlə ziqzaqvari hərəkətlər edərək, onların saxlama işarələrinə qəsdən tabe olmadı, yüksək sürətlə həmin sürücü Nizami prospekti ilə Kamil Sabitov küçəsinin kəsişməsində olan işıqforun qadağan edici işarəsinə məhəl qoymayaraq sürətlə həmin rospektdə yerləşən birtərəfli dəmiryolu keçidində quralaşdırılmış 2.5 stop yol nişanlarının tələblərini pozmuşdur. Sürücünün bu hərəkətləri cəmiyyətin haqlı narazılığına səbəb olmuş və hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmışdır. Onlar həmin avtomobili digər patrul avtomobilinin köməkliyi ilə saxlamışlar, avtomobilin sükanından düşən sürücü qaçmaq istəyərkən, digər polis əməkdaşlarının köməyi ilə saxlanıldı, və sürücü nizam intizama dəvət olunaraq avtomobili ilə birlikdə RPŞ-yə dəvət olunan zaman sürücü RPŞ-yə getməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq təkrar qaçmağa cəhd etdiyi üçün tərəflərindən saxlanılaraq RPŞ-yə gətirildi. RPŞ-də məlum oldu ki, sürücü Yevlax şəhəri Nizami prospekti ev 27 mənzil 3-də yaşayan Şəxsdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyəti üzrə göstəriş verilməsini xahiş etmişdilər; “İnzibati qaydada tutma haqqında” 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:40-da inzibati qaydada tutulmuşdur. Baxış keçirilmiş CD disklərdən görünür ki, Şəxs YPX əməkdaşlarının saxla əmrinə tabe olmayaraq davamlı yol hərəhəti qaydalarını pozmaqla yüksək sürətlə avtomaşını hərəkətini davam etdirmiş və polislərin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 511.3-cü maddəsi Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: 1) nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəmə iclasında bir növ ittiham funksiyasını yerinə yetirən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozmasını təsdiq edən təkzibedilməz dəlillər məhkəməyə təqdim olunmamışdır. CD-də əks etdirilən görüntülərdən də görünür ki, Şəxs tərəfindən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilməmişdir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması hazırkı iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törətdilməsində təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı aşağıdakıları qeyd edir: İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 535.1-ci maddələsində nəzərdə tutulan inzibati xəta ilə bağlı belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafından başqa, inzibati xəta haqqında protokollar, şahid izahatları, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 30 mart 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, göstərilən tənbeh tədbirinin əvvəli isə İXM-nin 89.5-ci maddəsinin tələblərinə əsasən 30 mart 2024-cü il tarixdən saat 22:40-dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 mart 2024-cü il tarixdən saat 22:40-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Şəxs əməlində İXM-in 511.1.3-cü maddəsinin inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511. 3-cü maddələri ilə tərtib olunmuş İXP seriyalı 614314 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun İXM-in 511.3-cü maddəsi üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Yevlax rayon X10 X12 göndərilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 1 (bir) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 9 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-173/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-173/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver