Məhkəmə qərarları › İş №3(039)-1733/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1733/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1733/2025 13.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X9 Əliyar oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi, Yevlax RPŞ-nin BDYP-nin nümayəndəsi X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş X13 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında EQ seriyalı, 31059757 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası DİN-nin Baş X13 İdarəsinin EQ seriyalı, 31059757 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Yevlax Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və həmin qərar əsasında ona əsassız olaraq hesablanmış 40 (qırx) manat cərimə cəzasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, o, 10 avqust 1999-cu il tarixdə Yevlax rayonunun Yəldili kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. “VAZ 21099” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində deyil, lakin həmin avtomobili idarə etmək üçün həm ona, həm də qardaşı X5 etibarnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 03 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31059757 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar tamamilə əsassızdır və qanunsuzdur. Belə ki, o, 03 oktyabr 2025-ci il tarixdə, saat 10:18-də işdə, yəni AZMELSu Təsərrüfatı ASC-də olmuşdur. Həmin idarə də Yevlax rayonunun Aran qəsəbəsində işləyir. Avtomobilin şəkilinin çəkildiyi yer isə Yevlax şəhəri, Heydər Əliyev prospekti 8 ünvanıdır. Həmin vaxtı avtomobili qardaşı Famil Quliyev idarə etmişdir. İnzibati xətanı da qardaşı törətmişdir. Həmin saatda onun işlədiyi idarədə olmasını təsdiq edəcək müşahidə kameralarına düşmüşdür. Qardaşının isə avtomobili idarə etməsini şəhərdəki müşahidə kameralarına düşmüşdür. Həmçinin qardaşı həmin vaxt notariat ofisində olmuşdur. Çünki o, avtomobili notariat ofisinin qarşısında saxlamış və ofisə girmişdir. Notariat ofisinin kameralarında da görüntü mövcuddur. Eyni zamanda bildirdi ki, onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən də nə sözügedən avtomobili, nə də başqa avtomobil idarə edir. Yevlax RPŞ-nin DYPB-nin nümayəndəsi X3 göstərdi ki, “VAZ 21099” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissələrinin kəsişməsində saxlanılmasına görə, texniki vasitə olan planşet vasitəsilə fotoşəkillər çəkilmiş və X2 barəsində elektron qaydada cərimə yazılmışdır. Həmin vaxt avtomobilin içərisində və kənarında inzibati xətanı pozan şəxs müəyyən olunmadığından sonuncu etibarnamə verilmiş şəxs X6 barəsində elektron qərar tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X13 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında EQ seriyalı, 31059757 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X13 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı, 31059757 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” minik markalı avtomobil ilə 03 oktyabr 2025-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. X6 İXM-in 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” minik markalı avtomobilin fotəşəkilləri çəkilərkən sürücünün kimliyi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN Vİİ 293488 nömrəli etibarnamədən görünür ki, “VAZ 21099” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən X5 xx.xx.2035-ci il tarixədək idarə etmək üçün etibar edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 03 oktyabr 2025-ci il tarixli EQ seriyalı, 31059757 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, fotoşəkillərdən də göründüyü kimi avtomobilin kim tərəfindən idarə olunması və kim tərəfindən parklanma edilməsi müəyyən olunmur və bu hal araşdırılmamışdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X6 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş X2 İXM-in 346.5-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında EQ seriyalı, 31059757 nömrəli, 03 oktyabr 2025-ci il tarixli qərar ləğv edilməli, X6 barəsində işə yenidən baxılması Baş X12 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 346.5-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında EQ seriyalı, 31059757 nömrəli, 03 oktyabr 2025-ci il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar