Məhkəmə qərarları › İş №3(039)-178/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-178/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-178/2024 19.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(039)-1169/2023 saylı qətnaməsinə əsasən borclu Şəxs 6382 manat pul tələb olunsa da hal-hazırda həmin pulu ödəməkdən qərəzli olaraq imtina edir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində 04 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(039)-1169/2023 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinət alıbalmaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Borclu tələbkara olan borcundan ödəniş etməmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(039)-1169/2023 saylı qətnaməsinə əsasən ondan 6382 manat pul tutularaq tələbkara ödənilməlidir. Qətnamədən xəbəri olmamışdır. Bu gün Yevlax rayon İcra və Probasiya şöbəsində icra məmuru onun izahatını aldıqdan sonra məhkəməyə gətirmişdir. Qətnamə üzrə borcunu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Borcu hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.3-cü maddəsinə əsasən, Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Məhkəmə hesab edir ki, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu 2 ay müddəti gözləmədən tərtib etmişdir. Borclunun əmlakları tam olaraq araşdırılmamışdır. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə icra məmuru tərəfindən riayət olunmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra tədbiri kimi borcunun tələbin yönəldilə biləcəyi əmlakların axtarışı barədə hər hansı bir tədbir görülməmişdir. İş üzrə icraata başlama haqqında qərar borcluya təqdim edilməmişdir. Borclunun izahatı icra məmuru tərəfindən 04 aprel 2024-cü il tarixdə, yəni inzibati xəta haqqında protokol tərtib olunan günü alınmışdır. Qərarın könüllü qaydada icra olunması barədə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən müddət icra məmuru tərəfindən gözlənilməmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar