Məhkəmə qərarları › İş №3(039)-180/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-180/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-180/2021 01.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar xx xxxxxx 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarda göstərilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax st. Xətt Polis Şöbəsinin növbətçi hissəsinə Yevlax rayonu Yuxarı Qarxun kənd sakinləri X1 və Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlamaqda və gəzdirməkdə şübhəli olmaları, həmin şəxslərin hazırda Elşən Cəfərovun keçid növbətçisi işlədiyi Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən qorunan dəmiryol keçidindəki keçid binasında olmaları və üzərlərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumat əsasında Yevlax st. XPŞ-nin CAQ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Allahverdi Sultanov tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Qarxun kənd sakinləri X1 və Şəxs Yuxarı Qarxun kəndində yerləşən qorunan dəmiryol keçidindəki keçid binasında saxlanılaraq Yevlax st. XPŞ-nə gətirilmişlər. Şəxsi axtarış zamanı Şəxs əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş vəziyyətdə çəkisi 0,35 qram narkotik vasitə olan qurudulmuş marixuana, Elşən Cəfərovun əynində olan şalvarın sağ arxa cibindən 1 ədəd ağ kağıza bükülmüş vəziyyətdə çəkisi 0,26 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana məlumat verilsə də, nümayəndəsinin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində o, əvvəllər tanıdığı Elşən adlı şəxsin iş yerinə getmiş və onunla söhbət edən zaman Elşən ona işə gələn zaman yoldan qurudulmuş marixuana tapdığını bildirmişdir. Özü əvvəllər narkotik vasitə istifadə etdiyi üçün Elşənə demişdir ki, tapdığı narkotik vasitədən ona da versin. Elşən şalvarının arxa sağ cibindən narkotik vasitə qurudulmuş marixuana olan kağız bükülünü çıxartmış və içərisindəki narkotik vasitədən bölüb ona da vermişdir. O, həmin narkotik vasitəni kağız bükülüyə büküb özü istifadə etmək üçün əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bir müddət sonra polis əməkdaşları gəlib onları Yevlax st. XPŞ-yə aparmışlar. Orada üzərində vəkilin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Elşənin ona verdiyi narkotik vasitə qurudulmuş marixuana əynində olan gödəkçənin sağ yan cibindən aşkar edərək götürmüşdülər. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır; xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar