Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1901/2025 19.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yevlax Rayon Yol patrul xidməti baş dövlət avtomobil müfəttişi, polis baş leytenantı X2, inzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yevlax Rayon Yol patrul xidməti baş dövlət avtomobil müfəttişi polis baş leytenantı X1 27 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yevlax Rayon Yol patrul xidməti baş dövlət avtomobil müfəttişi, polis baş leytenantı X1 27 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarı əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini və həmin qərar əsasında ona əsassız olaraq hesablanmış 100 manat cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırda Yevlax rayonu, Xaldan kəndində yaşayır. Müvafiq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-LO-*** dövlət qeydiyyat nişanlı VAZ 21150 minik markalı avtomobil onun xüsusi mülkiyyətindədir. Həmçinin o, avtomobili idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinə malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yevlax Rayon Yol patrul xidməti baş dövlət avtomobil müfəttişi, polis baş leytenantı X1 27 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarı ilə ona AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. O, qərarla razı deyil və həmin qərar tam qanunsuzdur. Belə ki, 27 oktyabr 2025-ci il tarixdə özünə məxsus olan həmin avtomobillə təklikdə Xaldan kəndindən Mingəçevir şəhərinə gedirmiş, bu zaman qarşında iki avtomobil getmiş və qarşıdan isə üzü Xaldan istiqamətində avtomobillər gəlmiş, qarşıdan gələn avtomobillər keçib getdikdən sonra onun qarşındakı avtomobil qarşıda olan avtomobili ötüb keçmiş, bundan sonra o da qarşısındakı avtomobili ötməyə başlamış, o, ötmə əməliyyətın edən zaman artıq yolda düz xətti bitmiş, qırıq-qırıq xətt başlamışdır. O, ötməni qırıq-qırıq xəttə etmiş, hən də bu zaman qarşıdan heç bir avtomobil gəlməmişdir. Bu zaman bir nəfər şəxs qəfil üç baş iri bunuzlu mal-qaranı yola doğru qovmuş, o, əyləci basmağına baxmayaraq inəklərdən birini vurmuş və inək avtomobilin üzərinə aşmışdır. İnək sağ qalmış, sadəcə ayağı sınmış və onun avtomobili isə yararsız vəziyyətə düşmüşdür. Bununla belə təqsir onun üzərinə yazılmış, onun heç bir təqsir yoxdur. O, ötməni qırıq-qırıq xətdə və qarşıdan avtomobil gəlməyən vaxtda etmişdir. Bu halda o, hansı qaydanı pozmamışdır. Məhkəmə iclasında iştirak edən X6 şikayətini müdafiə edərək, Yevlax Rayon Polis X9 Polis Bölməsinin 27 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq, hadisə zamanı 80 km/saat sürətlə hərəkət etdiyini, inəkləri 5-6 metr qalmış gördüyünü və tormoza basdığını, lakin avtomobil köhnə olduğu üçün hadisənin qarşısını ala bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən səlahiyətli orqanın nümayəndəsi X5 izahat verərək bildirdi ki, sürücü X6 ötmə əməliyyatın düzgün yerinə yetirməmiş, “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə ilə bağlı həm sürücüyə, həm inəyin sahibinə protokol yazıldığını bildirmişdir. Sonda şikayət əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yevlax Rayon Yol patrul xidməti baş dövlət avtomobil müfəttişi polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X6 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Məhkəməyə şikayət verən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 14:20-də “Vaz 21150 minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ötmə əməliyyatını düzgün həyata keçirməmiş, qarşısındakı avtomobilin ötmə əməliyyatını tamamalyaraq öz hərəkət zolağına qayıtmasını gözləmədən ötmə əməliyyatına başlamışdır. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən: 39) ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir; 59-cu maddəsinə əsasən, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 şikayət ərizəsində və izahatında inzibati xəta törətmədiyini bildirsə də, məhkəmə iclasında inzibati xəta hadisəsini özündə əks etdirən “CD” diskdəki videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Vaz 21150 minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1i ünvanında hərəkətdə olarkən qarşısında hərəkət edən ağ rəngli avtomobilin (video görüntüdən avtomobilin markası və dövlət qedyiyyat nişan tam görünmür) ötmə əməliyyatını tamamlayaraq öz zolağına qayıtmasını gözləmədən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla ona istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X3 şikayəti təmin edilməməli, Yevlax Rayon Polis X9 Polis Bölməsinin 27 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Polis X9 Polis Bölməsinin 27 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* saylı qəbul edilmiş inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1901/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1901/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver