Məhkəmə qərarları › İş №3(039)-1928/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1928/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1928/2025 07.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən qəbul edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edilmişdir. Qərarın əsasında, xx.xx.2025-ci il tarixində motokuryer vəzifəsində çalışan işçi Mehdiyev Talehin yol-nəqliyyat hadisəsi keçirməsi ilə əlaqədar tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunması üçün dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyi qeyd olunmuşdur. Hadisə həmin günün ikinci yarısında təqribən saat 16:00 - 17:00 radələrində baş vermiş və həmin tarixdə həm Əməyin Mühafizəsi üzrə məsul şəxs (Əmək Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin müdiri Rüstəm Lazımov), həm də kuratoru, direktor müavini Ruslan Hümbətov əmək məzuniyyətində olmuşlar (əmək məzuniyyətinin verilməsinə dair müvafiq əmrlərin surəti qoşmadadır). Bu səbəbdən ilkin məlumatın təqdim edilməsi yalnız xx.xx.2025 tarixində mümkün olmuşdur. Bundan əlavə, hadisə üçün ilkin tibbi müdaxilə hadisənin qarşı tərəfinin təşəbbüsü ilə özəl tibb müəssisəsində həyata keçirilmiş, bu da zərərçəkmiş işçiyə dair məlumatların əldə olunmasında müəyyən gecikmələrə səbəb olmuşdur. Özəl tibb müəssisələrinin fəaliyyət qaydaları nəzərə alındıqda, pasiyent məlumatlarının aidiyyəti qurumlara təqdim olunması yalnız pasiyentin razılığı ilə həyata keçirilir. Hadisə barədə əməkdaşın bilavasitə rəhbəri tərəfindən məlumat verilməsi iş vaxtından sonra baş verdiyindən, rəsmi prosedurların həyata keçirilməsi yalnız növbəti iş günündə xx.xx.2025 tarixində mümkün olmuşdur. Bununla yanaşı, inzibati xəta hadisəsi kimi qiymətləndirilən müvafiq halı (məlumat verilməməsi) ƏƏSMN kiminsə şikayəti əsasında deyil məhz işəgötürən olaraq onun sayəsində öyrənə bilmişdir. Bu, öz növbəsində, faktın gizlədilməsinə dair hər hansı niyyətin və ya qərəzli davranışın olmadığını göstərir. İşlədiyi müəssisədə belə hallara qarşı olduqca həssas yanaşılır və oxşar situasiyalarda mütəmadi olaraq müvafiq qurumlara qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtında məlumat verilmişdir (müvafiq nümunələr qoşmadadır). Qeyd edilən halları və təcrübəli mütəxəssis kimi məsuliyyətli fəaliyyətini nəzərə alaraq bildirir ki, müvafiq protokol və ona dair qəbul edilmiş qərarla razı deyildir. Hesab edir ki, sadaladığı hallar üzrlü səbəb kimi qəbul edilə və protokol tətbiq edilməyə bilərdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X5 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçi X2 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, "xxxx" MMC-nin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində şöbə müdiri vəzifəsində çalışan X3 cari iş ili üzrə 7 (yeddi) gün əsas, keçmiş iş illəri üzrə 2023-2024 iş dövrü üçün 15 ( on beş) gün əsas, 6 (altı) gün əlavə təqvim günü olmaqla (əmək məzuniyyətinin bir hissəsi), 04 avqust 2025-ci il tarixdən 31 avqust 2025-ci il tarixədək ümumilikdə 28 ( iyirmi səkkiz) gün məzuniyyətin verilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrindən görübür ki, "xxxx" MMC-nin direktor müavini vəzifəsində çalışan X1 iş illəri üzrə 2024-2025 iş dövrü üçün 9 (doqquz) gün əsas təqvim günü olmaqla (əmək məzuniyyətinin bir hissəsi), 23 avqust 2025-ci il tarixdən 31 avqust 2025-ci il tarixədək məzuniyyətin verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən, İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və dəfələrlə məhkəmə iclasının təxirə alınıb məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 21 oktyabr 2025-ci il tarixli MN ******* elektron qərarlarla X2 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 21 oktyabr 2025-ci il tarixli MN ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş 21 oktyabr 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar