Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-20/2021 11.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının auditini 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirməmişdir. Bununla da Şəxs ASC-nin Yevlax filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xətasını törətmişdir. İnzibati xəta haqqında işə baxılamasına dair keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Azərbaycan Respublikaısı Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs ASC-nin nümayəndəsi Elman Həsənəliyev iclas zamanı bildirmişdir ki, Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı müstəqil deyil, Səhmdar Cəmiyyətin filialıdır və bu filialın istifadəsində olan əmlak Şəxs ASC-yə məxsusdur. Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı cəmiyyət tərəfindən ona verilən səlahiyyərlər daxilində fəaliyyət göstərir. Auditin aparılması Bakı şəhərində yerləşən hüquqi şəxs Şəxs ASC-də aparılmalıdır və belə bir yoxlama 2018-ci il üzrə aparılmış və 2019-cu ildə dərc edilməklə müvafiq qurumlara təqdim edilmişdir. Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı hüquqi şəxs olmadığına görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialının Nizamnaməsinin 1.1 bəndinə görə, Yevlax “Aqrartikinti” filialı Şəxs ASC-nin struktur vahididir, 1.2 bəndinə görə filial hüquqi şəxs deyil, onun istifadəsində olan əmlak Cəmiyyətə məxsusdur, filial Cəmiyyət tərəfindən ona verilən səlahiyyətlə daxilində fəaliyyət göstərir. xx xxxxxx 2018-ci il tarixdə bitən il üzrə X3 və Maliyyə Hesabatlarından görünür ki, Şəxs ASC-də 2018-ci il üzrə audit aparılmışdır. Təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Auditorlar Palatası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Vergilər Nazirliyinin Auditorlar Palatasına təqdim etdiyi aktiv hüquqi şəxslərin siyahısı əsasında 2018-ci il üzrə məcburi auditdən keçənlərin siyahısı Maliyyə Nazirliyinə təqdim edilmiş, Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı tərəfindən yoxlama məlumatlarının dərc edilməyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Maddə 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: Maddə. 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; Maddə. 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; Maddə. 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; Maddə. 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; Maddə. 99.2.5. idarəetmə strukturu; Maddə. 99.2.6. inkişaf siyasəti; Maddə. 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; Maddə. 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; Maddə. 99.2.9. investisiyaların həcmi və mənbəyi; Maddə. 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; Maddə. 99.2.11. ictimai layihələr. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 2. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddə 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddə 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Maddə 53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Maddə 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2019cu il tarixli Qərarında qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. İlk olaraq qeyd edilməlidir ki, təqdim edilmiş sənədlərlə Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialının müstəqil Açıq Səhmdar Cəmiyyəti statusuna malik olub-olmaması protokolu tərtib etmiş orqan tərəfindən araşdırılmamış və buna dair sübutlar təqdim edilməmişdir. Mövcud sənədlər əsasında müəyyən olunur ki, Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri tərəfindən Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı barəsində protokol xx xxxxxx 2020-ci il tarixdə ona görə tərtib edilmişdir ki, həmin filial 2018-ci il üzrə maliyyə hesabatlarının auditini 2019-cu ildə aparmamışdır. Belə olan halda 2019-cu ilin son günü inzibati xətanın törədildiyi gün hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1 maddəsinin ikinci cümləsində isə qeyd olunur ki, maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec bir il keçənədək verilə bilər. İnzibati xətanın Maliyyə Nazirliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə aşkar edilməsi inzibati xətanın törədildiyi gün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bu növ inzibati xəta davam edən inzibati xətalara aid edilə bilməz, belə ki, bu xəta, bir il üzrə maliyyə hesabatının növbəti illər deyil, növbəti il auditinin aparılmamasına görə inzibati xəta hesab edilir. Həmçinin İnzibati xətaları Məcəlləsinin 464-cü maddəsində də “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət nəzərdə tutulmuşdur ki, bu yalnız bir il üçün nəzərdə tutulan auditin aparılmamasını ehtiva edir. Digər tərəfdən Mülki Məcəllənin 99.2 maddəsində də, Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borclu olduğu qeyd edilmişdir. Bununla da növbəti ilin tamam olması bu növ inzibati xətanın artıq törədildiyi anlamına gəlir. Bundan başqa təqdim edilmiş sənədlə də təsdiq olunur ki, məcburi auditdən yayınan hüquqi şəxslər barədə elektron sistemdə müvafiq qeydiyyat aparılır ki, belə olan halda yoxlama ilinin tamamında məcburi auditdən yayınmış hüquqi şəxs barəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə inzibati protokol tərtib etmək müvafiq səlahiyyətli şəxsin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta qanunvericiliyi ilə müəyyən edilmiş müddət ötürüldüyündən Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 114.2.1, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs ASC-nin Yevlax “Aqrartikinti” filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-20/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-20/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver