Məhkəmə qərarları › İş №3(039)-2029/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-2029/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-2029/2025 16.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 18 oktyabr 2025-ci il tarixli EQ 31389320 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 18 oktyabr 2025-ci il tarixli EQ 31389320 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş X7 İdarəsinin 18 oktyabr 2025-ci il tarixli EQ 31389320 nömrəli qərarına əsasən 600 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, istifadəsində olan ** JU *** dövlət qeydiyyat nişanlı “DAF” markalı nəqliyyat vasitəsində ümumi çəki 39950 kq olmaqla qanunla göstərilən normadan (norma 42 tondur) artıq olmamışdır. Həmin yük avtomobilinə qeyd edilən tarixə yük-nəqliyyat qaiməsi verilmişdir. Məlumat üçün bildirir ki, "xxxx" MMC nümunəvi şirkətdir, tərəzəsinin qüvvədə olan şəhadətnaməsi vardır. Hesab edir ki, cərimə qanunsuz yazıldığı üçün inzibati xətta haqqında qərar ləğv edilərək cərimə silinməlidir. Məhkəmə iclasında X3 izahat verərək bildirdi ki, o, istifadǝsində olan ** JU *** dövlət qeydiyyat nişanlı “DAF” markalı yük avtomobili ilə qum daşıması həyata keçirir. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin Ağsu rayonunda yerləşən “Azercınqıl” adlı təsərrüfat subyektindən (obyektindən) 24400 kq qumu yükləyərək "xxxx" MMC-yə məxsus Bakı şəhərində Baksol-da yerləşən təsərrüfat subyektinə (obyektinə) çatdırılması üçün Bakı istiqamətində yola çıxmışdır. Nəqliyyatın boş çəkisi 15550 kq, dolu çəkisi isə 39950 kq təşkil etmişdir. Hərəkətdə olarkən Qaradağ rayonunda iri qabaritli ağır çəkili nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün nəzərdə tutulan elektron tərəzilər qurulmuş yoldan keçməklə hərəkət etmişdir. Həmin elektron tərəzilər nəqliyyat vasitəsi üzərindən keçərkən saxlamadan çəkisini müəyyən edir. Qaradağ rayonundan keçərkən həmin elektron tǝrǝzilər nəqliyyat vasitəsində icazə veriləndən artıq çəki müəyyən etmişdir. Bu zaman xx.xx.2025-ci il tarixdə onun barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, həmin qərarla İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğdə cərimə olunmuşdur. Səbəb isə guya nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi icazə verilən maksimal çəkidən, yəni 40 tondan artıq, 44060 kq olmuşdur. Ümumiyyətlə həmin o, hərəkət yolunda quraşdırılan elektron tərəzi ilə bir neçə digər sürücü yoldaşları da nəqliyyat vasitələri çəkilmiş və çəki real çəkidən çox müəyyən edilmişdir və əsassız cərimə tətbiq olunmuşdur. Həmin əsassız cərimələr məhkəmələr tərəfindən silinmişdir. Hesab edir ki, həqiqətən də həmin elektron tǝrǝzi texniki cəhətdən nasazdır və çəkini düzgün müəyyən etmir. Nəticədə sürücülərə əsassız cərimələr yazılır. Əlavə olaraq qeyd edir ki, daşıdığı qum həm maşına yüklənib yola çıxılarkən, həm də təhvil verilərkən nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və hər iki halda da çəkisi 40.000 kq –ı keçməmişdir. Bunu həmin malı təhvil alan məsul şəxslərin imzaladığı əmtəə nəqliyyat qaiməsi də təsdiq edir. Əgər nəqliyyat vasitəsinin ümumi kütləsi 40 tonu keçsə idi elə həmin tərəzi də bunu müǝyyǝn edərdi. Həmçinin, o, sadəcə daşımanı həyata keçirir, qum ona məxsus deyil. Qaimədən göstərilən miqdardan artıq qum yüklənib göndərilməsi isə kommersiya fəaliyyəti ilə məşğul olan sahibkarın maraqlarına uyğun gəlmir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi kabinetdən çıxarışın surətindən görünür ki, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 maddələrində nəzərdə tutulan inzibati xətaların törətdiyinə görə X2 barəsində 600 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin kamerasına məxsus fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:31-də “DAF“ markalı ** JU *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 44060 kq müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli əmtəə nəqliyyat qaiməsindən aydın olur ki, ** JU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Azercınqıl”-da 39950 kq qum yüklənərək “Baksol”-a çatdırılması üçün Bakı şəhəri istiqamətində yola salınmışdır. Nəqliyyatın boş çəkisi 15550 kq, dolu çəkisi isə 39950 kq təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli OMS K 00553 nömrəli kalibrləmə sertifikatından görünür ki, "xxxx" MMC-də olan PAN ********** seriya (zavod) nömrəli PANTHER RT tip elektron avotomobil tərəzisi sonuncu dəfə xx.xx.2025-ci il tarixdə sertifikasiya olunmuşdur, növbəti sertifikasiya tarixi xx.xx.2026-ci ildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Azərbaycan Respublikası “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qanununun 7.2-ci maddəsinə əsasən 353.5-ci maddənin dispozisiyasına “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 18 oktyabr 2025-ci il tarixli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 353.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X2 xüsusi təyinatlı yük maşınının icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, hər hansı inzibati araşdırma aparılmadan X2 idarə etdiyi xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Bu səbəbdən şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığına görə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli və şəxsin təqsiri səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədiyinə görə o, təqsirsiz hesab edilməlidir. Belə ki, hər hansı vətəndaşın qeyd olunan yükü ölçmək üçün fərdi şəkildə tərəzisinin olması məcburi olan hal deyildir. Həm də bu sahə lisenziya ilə fəaliyyət göstərən şirkət və dövlət təşkilatlarına həvalə edilmişdir. Hətta tərəzi doğru işləməmiş olsa belə, bunun məsuliyyətini vətəndaşın üzərinə yükləmək olmaz. X3 nə qəsdən, nə də ehtiyatsızlıqdan bu əməli törətməmişdir. O, nəqliyyat vasitəsində olan yükün artıq olmasını bilə bilməzdi və qabaqcadan da görə bilməzdi. O, qanuni şəkildə fəaliyyət göstərən, tərəzinin düzgün çəkməməsi sübut olunmamış və bu barədə ona məlum olmamış tərəzinin çəki barədə nəticələrinə güvənmək məcburiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi “AzDoc”-X5 Sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, bundan əlavə müvafiq orqana qərarın tərtib edilməsi üçün əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsi barədə sorğu yazılmasına baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və qərarın tərtib edilməsi üçün əsas olmuş sənədləri məhkəməyə göndərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş 18 oktyabr 2025-ci il inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarlarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31389320 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar