Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-222/2025 20.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25665117 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25665117 saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi «Mercedes-Benz» makrkalı, ** MM *** qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 15:25 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində sürət göstəricisi 110 km. olan yolda saatda 100 km. Sürətlə hərəkətdə olarkən (Yevlax yazılan yerə yaxın) YPX avtomobili tərəfindən qanunsuz və tam əsssız olaraq sürət həddinin aşılması səbəbi ilə EQ 25665117 saylı protokola əsasən verilmiş qərar əsasında Azərbaycan Respublikası İXİ-nin 328.2-ci mddəsi ilə 50 manat və 2 cərimə balı ilə cərimə olunmuşdur. Halbuki, qeyd olunan ərazidə sürət həddinin göstəricisi olan yol nişanında 60 yox 110 qeyd edilmişdir. O bu barədə məlumat-bildiriş alan kimi həmin ərazidə yerləşən stasionar posta yaxınlaşaraq və videoçəkilişi göstərərək qeyd olunan halın əsassız olduğunu və aradan qaldırılmasını xahiş etdikdə bunun texniki səhv olduğunu və aradan qaldırılması üçün DYP-nin 902 saylı qaynar xəttinə müraciət etməsi tövsiyyə edilmişdir. O isə öz növbəsində haəmin qaynar xəttə müraciət edərək, texniki xətanın aradan qaldırılmasını və əsassız olaraq adına yazılmış cərimənin sistemdən silinməsini xahiş etmişdir. Lakin oradan ona mövcud vəziyyətin (texniki səhvin) aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə onlayn müraciət etməsi tövsiyyə edilmişdir. O, xx.xx.2025-ci il tarixdi onlayn müraciət etsə də, bu günədək qeyd olunan cərimə üzərində qalmaqdadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçi X2 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25665117 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 15:25-də M2. E60. AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 282-ci km-də «Mercedes-Benz C-180» minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini, yəni 60 km/saat müəyyən edilmiş ərazidə sürət həddini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İXM-nin 328.2-ci mddəsi ilə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan YPX-a məxsus nəqliyyat vasitəsi tərəfindən qeydə alınmış videogörüntüdən və şikayətçi tərəfindən təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, X3 idarə etdiyi «Mercedes-Benz C-180» minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin YPX-a məxsus nəqliyyat vasitəsi tərəfindən qeydə alındığı M2. E60. AH5 Bakı- Ələt-Qazax-Gürcüstan yolunun 282-ci km hissəsi eyni yoldur, həmin yolda sürət həddi 60 km/saat deyil 110 km/saat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləºdirilmiº inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının İXM-in 328.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni sürət həddi 60 km/saat müəyən edilmiş ərazidə sürət həddini 21-40 km/saat həddində aşması öz təsdiqini tapmır. İş materiallarından müəyyən edilir ki, X4 həmin vaxt sürət həddi 110 km/saat müəyyən edilmiş ərazidə nəqliyyat vasitəsini 100 km/saat sürətlə idarə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25665117 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25665117 saylı inzibati xəta haqqında protokol əsasında X3 Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə 50 (əlli) manat cərimə edilməsi haqqında xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-222/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-222/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver