Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-234/2022 24.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24.02.2022-ci il tarixdə saat 15:20-də Yevlax Şəhər İcra Həkimiyyətinin inzibati binasında sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Şəxs 24.02.2022-ci il tarixdə saat 15:20-də sərxoş halda Yevlax Şəhər İcra Həkimiyyətinin inzibati binasına daxil olaraq icra başçısının qəbuluna girmək istədiyini bildirmişdir. Bundan sonra Yevlax Şəhər İcra Həkimiyyətində növbədə olan polis əməkdaşı vətəndaşa sərxoş olduğu üçün başqa vaxt gəlməsini bildirdikdə vətəndaş ucadan səs-küy saldığı üçün polis əməkdaşı həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 24.02.2022-ci il tarixdə oğlunun ad günündə biraz spirtli içki qəbul etmişdir. Bundan sonra o, işsiz olduğu üçün və rayon icra başçısının qəbuluna gedib iş üçün müraciət etmək qərarına gəlmişdir. Bundan sonra o, Yevlax Şəhər İcra Həkimiyyətinə getmiş və inzibati binaya daxil olduqdan sonra növbətçi ona yaxınlaşaraq ondan gəlmə səbəbini soruşmuşdur. O, növbətçiyə icra başçısının qəbuluna getmək istədiyini bildirmişdir. Bundan sonra ona başçının qəbuluna müəyyən prosedurlardan sonra girmək olduğunu bildirdikdə o, əsəbləşərək səs-küy salmışdır. Bundan sonra polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də o, əsəbi olduğu üçün polis əməkdaşının tələbinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mühavizə İdarəsinin Yevlax rayon mühavizə bölməsinin polis nəfəri, polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 24.02.2022-ci il tarixdə Yevlax Şəhər İcra Həkimiyyətinin inzibati binasında xidmətdə olan zaman bir nəfər vətəndaş binaya daxil olaraq icra başçısının qəbuluna girmək istədiyini bildirmişdir. Bundan sonra o, vətəndaşa sərxoş olduğu üçün başqa vaxt gəlməsini bildirdikdə vətəndaş ucadan səs-küy saldığı üçün o, həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi tərəfindən rayon polis şöbəsinə məlumat verilmişdir. Bundan sonra rayon polis şöbəsinin əməkdaşları gələrək həmin vətəndaşı saxlayaraq rayon polis şöbəsinə apamışdılar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24.02.2022-ci il tarixdə saat 15:20-də Yevlax Şəhər İcra Həkimiyyətinin inzibati binasında sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 37 №-li, 24.02.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi - inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXMnin 33.1.7) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 24 fevral 2022-ci il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-234/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-234/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver