Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-244/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X1, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Yevlax Bələdiyyəsinin sədri X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin 23 fevral 2022- ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqanın qərarına görə Yevlax Bələdiyyəsinin sədri X7 işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. Müraciəti əsasında X10 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 23 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək, Yevlax Bələdiyyəsinin sədri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış Yevlax Bələdiyyəsinin sədri X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax Bələdiyyəsi tərəfindən bələdiyyənin sabiq vergi müfəttişi X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciətlərinə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsi Yevlax Bələdiyyəsinə 23 fevral 2022-ci il tarixli **********0 nömrəli məktub göndərərək inzibati təhbeh vermə haqqında MN № ******* nömrəli 23 fevral 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsini əsas tutaraq Yevlax Bələdiyyəsini 1500,0 (bir min beş yüz) manat məbləğində cərimə etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun çıxış edib məhkəməyə sübutlarını təqdim edərək bildirmişdir ki, tabeliyndə işləmiş X9 2021-ci ilin sentyabr ayından başlayaraq davamlı olaraq işə gəlmədiyindən tərəfindən dəfələrlə protokol tərtib edilmiş və qanunvericiliyə uyğun olaraq ona iki dəfə xəbərdarlıq, 2021-ci ilin noyabr ayında töhmət və 20.12.2021-ci tarixdə isə şiddətli töhmət verilmişdir və bundan sonra əmək qanunveriliciyinə uyğun olaraq bir ay müddət keçmədən işçinin əmək müqaviləsinə xitam verilməsi üçün işçinin işə gəlməməsini təsdiq edən və işçiyə intizam tənbehi vermə barədə sübutlarla birlikdə Həmkarlar ittifaqına müraciət olunmuşdur. Həmkarlar ittifaqı müvafiq rəyi məhkəməyə təqdim etdikdən əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunmuşdur. Bundan başqa Bələdiyyə kollegiyal orqan olduğu üçün işçi tutduğu işdən azad edildikdən sonra bələdiyyə üzvlərinin iclasını çağırır, bu isə 17 bələdiyyə üzvünün iştirakı ilə təşkil olunan bir iclas deməkdir və həmin iclası bir günə toplamaq mümkün olmadığı üçün bir neçə gün sonra iclas keçirilmişdir və işçinin əmək haqqı işçinin işdən azad edildiyi ayın sonunadək əməkhaqqısı tam olaraq ödənilmişdir. Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax rayonu Yevlax Bələdiyyəsinin sədri X3 şikayətini əsassız hesab edir. Belə ki, vətəndaş X9 11.01.2022-ci il tarixdə regional şöbənin inzibati binasına gələrək vətəndaş qəbulu altsistemi üzrə qəbulda olmuş və Yevlax rayonu Yevlax Bələdiyyəsindən 2019-cu və 2021-ci illərin son 3 ayları üzrə əmək haqqının ödənilməməsi barədə şikayət ərizəsini təqdim etmişdir. Araşdırma zamanı Yevlax rayonu Yevlax Bələdiyyəsinin 23 nömrəli 31.01.2022-ci il tarxli məktubundan və təqdim etdiyi sənədlərdən məlum oldu ki, 01.03.2021-ci il tarixdə S.Sultanovla bağlanmış əmək müqaviləsinə 02 nömrəli 11.01.2022-ci il tarixli əmrlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmiş, son haqq hesabı isə hissə-hissə olmaqla 18 yanvar, 24 yanvar və son qalıq isə 30 yanvar 2022-ci il tarixdə ödənilmişdir. Qeyd edir ki, işəgötürən S.Sultanovun əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci, 76.2-ci, 83.2, 172.4, 187.1, 189.2 və 189.3-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, işəgötürən, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl etmədən xitam verə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. S.Sultanova ilk dəfə18.06.2021-ci il tarixdə 08 nömrəli əmrlə xəbərdarlıq edilmiş, ikinci dəfə isə 12.11.2021-ci il tarixdə 16 nömrəli əmrlə Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək və icra intizamını pozduğuna görə intizam tənbehi olaraq töhmət verilmişdir. Azərbaycan Bələdiyyə işçiləri X5 Rayon Komitəsinin naməlum (rəsmi müraciət və əlavə olunan sənədlər mövcud olmadan) əsasla vətəndaşın tutduğu vəzifədən kənarlaşdırılması barədə 06.01.2022-ci il tarixdə rəy vermişdir. Komitənin iclas protokolunda mövcud deyil. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək və icra intizamını pozması barədə Akt isə 11.01.2022-ci il tarixdə tərtib edilmiş və eyni gündə dərhal işçi işdən azad olunmuşdur. Prossesin ardıcıllığı və qanunauyğunluğu gözlənilməmişdir. Araşdırma zamanı qarşıya çıxan faktlardan biridə odur ki, işçinin bu prosesslərdən heç bir xəbəri olmayıb. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, Yevlax rayon Yevlax Bələdiyyəsinin sədri X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq İnzibati xəta haqqında icraat başlanmış və həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən onun barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bununla yanaşı, S.Sultanovun əmək müqaviləsinə xitam verilməsi barədə EK6KYB0003X0 nömrəli 14.01.2022-ci il tarixli və “Əmək müqaviləsi bildirişi” altsistemində aparılan monitorinq zamanı isə 1EK6KYB0004X0 nömrəli 07.02.2022-ci il tarixli əmək müqaviləsi 2 fərqli əsaslarla elektron informasiya sistemində qeydiyyata alınması nöqsanları müəyyən edilmişdir. S.Sultanovun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişlərinin etibarsız hesab edilməsi, bununla yanaşı əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrinin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə məlumat verilməsi ilə bağlı 28.02.2022-ci il tarixli **********1 nömrəli göstəriş xarakterli məktub göndərilmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə aldıqda məhkəmə şikayətinin məsuliyyətdən yayınmağın bariz nümunəsi olduğunu görmək olur. Səlahiyyətli orqanın nümayəndəsi X6, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.4-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Yevlax Bələdiyyəsinin sədri İsmayıl Hüseynli barəsində inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq şərti tətbiq edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən qəbul edilmiş 23.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən Yevlax Bələdiyyəsinin sədri X7 barəsində qəbul edilmiş 23 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-244/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-244/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver