Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-246/2022 01.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, 20.04.2022-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.02.2022-ci il tarixdə saat 15:30-da Yevlax şəhəri Nizami prospektində nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, 28.02.2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Anar Əliyev xidməti avtomobil ilə xidmətdə olan zaman saat 15:30da hərəkətdə olan “VAZ 2101” markalı avtomobilin sürücüsünün telefonla danışdığına görə tərəfindən həmin avtomobilə dayanması üçün işarə vermişdir. Həmin avtomobil saxladıqdan sonra avtomobildə sərnişin kimi olan bir neçə vətəndaş səbəbsiz olaraq polis əməkdaşına nalayiq ifadələr işlədərək səs-küy salmışdılar. Bundan sonra yol patrul xidməti əməkdaşı dəstək üçün rayon polis şöbəsinin əməkdaşlarını köməyə çağırmışdır. Rayon polis şöbəsinin əməkdaşları gəldikdə avtomobildə olan sərnişinlərin səs-küy saldıqlarını görüb həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlardan Cəlal Mahmudov və Elman Həsənov polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün vətəndaşlardan Şəxs, atası Cəlal Mahmudov və qohumları Elman Həsənov saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki, 28.02.2022-ci il tarixdə ailəsi ilə birlikdə Yevlax şəhərinə xəstə bibisini ziyarət etmək üçün gəlmişdilər. Xəstəxanadan çıxdıqdan sonra o, atası Cəlal, bibisinin əri Elman və başqa bir neçə qohumları avtomobilə əyləşərək bibisi evinə gedən zaman yol patrul xidmətinin əməkdaşı onların olduğu avtomobili saxlamışdır. Polis əməkdaşı avtomobili saxladıqdan sonra atası Cəlal və bibisinin əri Elman polis əməkdaşına etiraz edərək səs-küy salmağa başlamışdılar. Bundan sonra həmin yerə başqa polis əməkdaşları gəlmişlər, atasını və bibisinin ərini nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərinə davam etdikləri üçün polis əməkdaşları onu, atasını və bibisinin ərini saxlayaraq rayon polis şöbəsinə aparılmışdılar. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X8 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 28.02.2022-ci il tarixdə post yoldaşı X5 ilə birlikdə xidmətdə olan efir vasitəsi ilə yol patrul xidməti əməkdaşının dəstəyə eytiyacı olduğunu eşidib həmin əraziyə getmişlər. Onlar həmin yerə gəldikdə “VAZ 2101” markalı avtomobilin sərnişinlərinin səs-küy saldıqlarını görüb həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlardan Cəlal Mahmudov və Elman Həsənov polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün vətəndaşlardan Şəxs, atası Cəlal Mahmudov və qohumları Elman Həsənov saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis siravisi X5 şahid X4 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.02.2022-ci il tarixdə saat 15:30-da Yevlax şəhəri Nizami prospektində nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 28.02.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 28.02.2022-ci il tarixdə saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatından 28 fevrla 2022-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-246/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-246/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver