Məhkəmə qərarları › İş №3(039)-247/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-247/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-247/2022 01.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.02.2022-ci il tarixdə saat 15:30-da Yevlax şəhəri Nizami prospektində nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, 28.02.2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Anar Əliyev xidməti avtomobil ilə xidmətdə olan zaman saat 15:30da hərəkətdə olan “VAZ 2101” markalı avtomobilin sürücüsünün telefonla danışdığına görə tərəfindən həmin avtomobilə dayanması üçün işarə vermişdir. Həmin avtomobil saxladıqdan sonra avtomobildə sərnişin kimi olan bir neçə vətəndaş səbəbsiz olaraq polis əməkdaşına nalayiq ifadələr işlədərək səs-küy salmışdılar. Bundan sonra yol patrul xidməti əməkdaşı dəstək üçün rayon polis şöbəsinin əməkdaşlarını köməyə çağırmışdır. Rayon polis şöbəsinin əməkdaşları gəldikdə avtomobildə olan sərnişinlərin səs-küy saldıqlarını görüb həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 28.02.2022-ci il tarixdə qaynı Cəlal və onun ailə üvləri ilə birlikdə Yevlax şəhərində xəstə arvadını ziyarət etmək üçün xəstacanaya getmişdilər. Xəstəxanadan çıxdıqdan sonra o, qaynı Cəlal və qaynının ailəsi avtomobilə əyləşərək onların evinə gedən zaman yol patrul xidmətinin əməkdaşı onların olduğu avtomobili saxlamışdır. Onlar həmin polis əməkdaşına etiraz edərək səs-küy salmağa başlamışdılar. Bundan sonra həmin yerə başqa polis əməkdaşları gəlmişlər və onları nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərinə davam etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X10 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 28.02.2022-ci il tarixdə post yoldaşı X6 ilə birlikdə xidmətdə olan efir vasitəsi ilə yol patrul xidməti əməkdaşının dəstəyə eytiyacı olduğunu eşidib həmin əraziyə getmişlər. Onlar həmin yerə gəldikdə “VAZ 2101” markalı avtomobilin sərnişinlərinin səs-küy saldıqlarını görüb həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis siravisi X6 şahid X5 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.02.2022-ci il tarixdə saat 15:30-da Yevlax şəhəri Nizami prospektində nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; Yevlax Rayon Məhkəməsinin 25.02.2022-ci il tarixli, 3(.39)_-236/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir: 28.02.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, X4 28.02.2022-ci il tarixdə saat 15:30-da tutulmuşdur. 45 №-li, 28.02.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs “yüngül dərəcə” alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2.-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hall hesab olunur. 33.1.7.-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hall hesab olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi - inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini və inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar