Məhkəmə qərarları › İş №3(039)-248/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-248/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-248/2022 01.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri X.R.Ulutürk küçəsi ev 6-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 01 mart 2022-ci il tarixdə saat 02:10 radələrində Yevlax şəhəri Aeroport qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, 01 mart 2022-ci il tarixdə Yevlax şəhəri Aeroport qəsəbəsində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Seymur Abbasov polis nəfəri, polis serjantı Kənan Qarayevlə birlikdə xidmətə olarkən gecə saat 02:10 radələrində bir nəfər şəxs ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb onu nizam intizama dəvət etmişlər, lakin həmin şəxs öz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra polis nəfəri, polis serjantı Seymur Abbasov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sərdar Abbasov bildirmişdir ki, 01 mart 2022-ci il tarixdə saat gecə saat 02:10 radələrində Yevlax şəhəri Aeroport qəsəbəsində dostu ilə telefonla danışan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. O, əsəbi olduğundan səs-küy salıb nalayiq söyüşlər işlətmişdir. Bu zaman polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 01 mart 2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində Aeroport qəsəbəsində Kənan Qarayevlə birlikdə xidmətə olarkən gecə saat 02:10 radələrində bir nəfər şəxs ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb onu nizam intizama dəvət etmişlər, lakin o, öz hərəkətlərini davam etdirdiyi üçün saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 01 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 01 mart 2022-ci il tarixdə saat 12:30-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar