Məhkəmə qərarları › İş №3(039)-276/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-276/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-276/2024 17.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə yaranmış 5688 manat aliment borcunu ödəməkdən yayınmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Sonuncu dəfə 14 may 2024-cü il tarixdə borclunun icra şöbəsində iştirakı təmin edilmişdir. Şöbədə icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək qalıq olan 5688 manat aliment borcunu tam ödəyə bilməcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol məhkəməyə təqdim edildikdən sonra borclu tələbkarın xeyrinə 1990 manat məbləğində ödəniş etmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, heç bir zaman icra məmurunun çağırışlarından yayınmamış, sadəcə maddi imkansızlığı səbəbindən öhdəliklərini tam icra edə bilməsə də, hissə-hissə aliment ödənişləri etmişdir. Hazırki məhkəmə iclasında da borcundan 4 dəfəyə olmaqla cəmi 1990 manat ödəmiş, qalan borcunu da tez bir zamanda ödəyəcəyini bildirməklə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 müdafiə etdiyi şəxsin himayəsində xəstə anasının olduğunu, əmlak vəziyyətini, maddi imkansızlığına baxmayaraq borcundan 1990 manat ödədiyini nəzərə alıb onun barəsində olan inzibati xəta haqqında iş üzrə inzibati icraata xitam verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradılmış, tələbkar danışıq zamanı alimentinin ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə yaranmış 5688 manat aliment borcunu ödəməkdən yayınmışdır; Şəmkir Rayon Məhkəməsinin 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi müəyyən olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılmış, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi müəyyən olunmuşdur. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1202/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədi üzrə yaranmış borcun 35 faizinin yəni 1/3 hissəsindən artığının ödənilməsi (cəmi 1990 manat) və qalıq məbləğin də tezliklə ödəniləcəyini bildirməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar