Məhkəmə qərarları › İş №3(039)-3/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-3/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-3/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-362/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 598 manat məbləğində borcu ödəməkdən yayınmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən borclu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, icra məmurunun qanuni tələblərinə əməl etməmiş və məhkəmənin icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov əvvəlki məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs hal-hazıradək tələbkar Teyyub Dadaşova borcundan heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkar X2 və Şəxs məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 62.4-cü maddələrinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddə 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Maddə 38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Maddə 53.0.6.Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53.0.6 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar