Məhkəmə qərarları › İş №3(039)-315/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-315/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-315/2022 01.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 may 2021-ci il tarixli ******* saylı qərarına əsasən Şəxs 5000 manat inzibati cərimə olunmuşdur və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində 30 mart 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 may 2021-ci il tarixli ******* saylı qərarı Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Şəxs şöbəyə gəlsə də tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun yaşadığı ünvanda olarkən, borcluya məxsus tələbin yönəldilə biləcəyi zəruri əmlakdan başqa heç bir əmlakı aşkar olunmamışdır. Borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur, VÖENi isə dayandırılmışdır. Borclu inzibati cərimədən ödəniş etməmişdir. Bununla da borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izah etdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 may 2021-ci il tarixli ******* saylı qərarı ilə o, 5000 manat inzibati cərimə edilmişdir. Stomatoloji fəaliyyətlə məşğul olsa da, hazırda vergi orqanlarında olan VÖEN-nin dayandırmışdır. Cərimənin ödənilməsi üçün hər hansı bir əmlakı da yoxdur. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin tələbinə görə, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinə əsasən, Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə əsasən, Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-1-ci maddəsinə əsasən, Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır Məhkəmə hesab edir ki, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu borclunun əmlakları və gəlirləri tam olaraq araşdırmadan tərtib etmişdir. Borclunun çox saylı notariat əməliyyatları və stomatoloji fəaliyyəti icra məmuru tərəfindən araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş fiziki şəxsin onlayn fəaliyyətinin dayandırma ərizəsindən görünür ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ********** saylı VÖEN-in dayandırılması üçün müraciət etmişdir. Lakin ********** saylı VÖEN-nin fəaliyyəti dayandırılmamışdır. Həmçinin AZEMİS elektron məhkəmə informasiya sistemindən məlum olmuşdur ki, Şəxs notariat orqanlarında çoxsaylı əməliyyatlar aparmışdır. (alqı-satqı əməliyyatları). Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra tədbiri kimi borcunun tələbin yönəldilə biləcəyi əmlakların axtarışı barədə hər hansı bir tədbir görülməmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 529.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar