Məhkəmə qərarları › İş №3(039)-385/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-385/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-385/2023 31.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax şəhəri Kür küçəsi ev 55 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Kür küçəsində 64 saylı evin qarşısında X1 təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Kür küçəsində 64 saylı evin qarşısında X1 təhqir etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, Yevlax şəhəri Kür küçəsi ev 55 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə küçədə uşaqlarının oynayaraq səs-küy salamaları səbəbindən qonşusu Günel Şərifova ilə aralarında sözlə mübahisələri olmuşdur və o, əsəbi olduğu üçün qonşusunu təhqir etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5çıxış edərək bildirmişdir ki, xx.xx.2023cü il tarixdə işdən yaşadığı evə yornuq gəlib istirahət etmək istəyərkən küçədə oynayan uşaqların səs-küyləri ona maneəçilik etdiyi üçün o, qonşusu İlkinə uşaqlarına küçədə səs-küy salamalarını tapşırmağı xahiş etmiş. Bundan sonra İlkin küçədə əsassız olaraq onu söyüb təhqir etmişdir. Hazırda Şəxs ilə barışdığını və ondan şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hallların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar