Məhkəmə qərarları › İş №3(039)-388/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-388/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-388/2022 25.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas X7, zərərçəkmiş şəxs X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiallardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Yevlax şəhəri, İ.Bayramov kücəsində mənzil 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və “X6 X10 Sanayi və Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının X11 yarmada operatoru vəzifəsində işləyən Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi 19.08.2021-ci il tarixdə axşam saat 22 radələrində Yevlax şəhərində yerləşən "xxxx" MMC-də yarma aparatında iş prosesi zamanı X3 işinə nəzarət etməli olduğu halda, bunu etməyərək onun tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X1 Yüngül zərər vurulmasına səbəb olması faktı ilə bağlı Yevlax rayon prokuroru tərəfndən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun böyük köməkçisi X12 çıxış edərək bildirmişdir ki, Yevlax şəhəri Zərdabi küçəsi ev 40-da yaşayan X2 RPŞ-nə ərizə ilə müraciət edərək 19.08.2021-ci il tarixdə Yevlax şəhərində yerləşən "xxxx" MMC-də iş prosesi zamanı sağ əlinin İİ barmağından xəsarət aldığını bildirmişdir. Həmin müraciət əsasında toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş, izahatlar alınmış və müvafiq sorğular verilmişdir. Bundan başqa aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş “X6 X10 Sanayi və Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının X11 yarmada baş operatoru Şəxs və operator X5 tərəfindən bu qaydaların pozulması nəticəsində müəssisədə fəhlə kimi işləyən X3 iş prosesi zamanı sağ əlin İİ barmağının dırnaq falanqasının dərialtı yumşaq toxumalarının zədələnməsi ilə nəticələnən dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarət almışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 19.08.2021-ci il tarixdə gecə 21-22 radələrində iş prosesini dayandırıb dəzgahda olan bıçaq qırıldığı üçün bıçağın yenisi ilə əvəz olunaraq itilənmə üçün yerləşdirildiyini, bıçaqda itilənmə prosesi qurtardıqdan sonra aparatı yenidən işə salıb emal prosesini davam etdirmək istədikdə qəflətən Elşadın onlara yaxınlaşıb sağ əlini aparatın bıçağının kəsdiyini bildirdiyini və əlini bağlamaq üçün nəisə vermələrini istədiyini, bu barədə müəssisənin icraçı direktoruna məlumat verdiklərini, bir müddət sonra müəssisənin həkiminin müəssisəyə gəlib Elşada ilkin tibbi yardım göstərdiyini, daha sonra Elşadın xəstəxanaya aparıldığımı bildirmişdir. Hesab edir ki, onun tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2021-ci ilin iyul ayının 9-dan Yevlax rayonunda yerləşən "xxxx" MMC-də yarma fəhləsi kimi işləməyə başlamışdır. Həmin müəsissə dəri emalı ilə məşğul olur. Onun işi kəsici alətdən çıxan dəriləri çəkib vannaya atmaqdan ibarətdir. Müəssisəyə Hakan adlı şəxs rəhbərlik edir. Təhlükəsizliyə kimin cavabdeh olmasını isə bilmir. O, səhər saat 8-də işə gedir və saat 17-də iş vaxtı bitir. Ancaq bəzən əlavə olaraq saatı 1,5 manatdan hesablanmaqla işləyirlər. 19 avqust 2021-ci il tarixdə işdə olarkən saat 22 radələrində dərini çəkərkən kəsici alət onun əlini kəsmişdir. Bir saata yaxın əlindən qan axan vəziyyətdə şirkətin həkiminin gələcəyini gözləmişdir. 1 saatdan sonra həkim gəlib onun xəsarət aldığı barmağına yod tökmüşdür. Daha sonra onu rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada onun 2 barmağına cərrahi tikiş atılmışdır. Müəssisə rəhbəri Hakan xəstəxanada olarkən ona müalicə xərclərini özünün qarşılayacağını deyərək yalandan guya barmağını laqonda ilə kəsməsini deməyini istəmişdir. O, bundan sonra Hakanın xahişi ilə yalandan guya əlini laqonda kəsməsini bildirmişdir. Ancaq 01.09.2021-ci il tarixdə tikişlərin dəyişdirilməsi ilə bağlı İlkin adlı əməkdaşın yanına gedib Hakanın müalicə üçün ona niyə pul vermədiyi ilə maraqlanmışdır. İlkin isə ona Hakanın onun müəssisədə sarğını dəyişdirmək istədiyini bildirmişdir. O isə İlkinlə razılaşmayıb Hakan müəllimlə görüşmək istədiyini bildirmişdir. O, Hakan müəllimə əli ilə bağlı müalicəyə ehtiyacı olduğunu bildirmiş, Hakan isə gülərək “sənin əlini laqonda kəsməmişdimi?” demişdir. O isə müalicə etməyəcəkləri təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bundan sonra isə Hakan köməklik etməyəcəklərini bildirmiş, daha sonra onu oradan qovmuşdur. Ona 09.09.2021-ci il tarixdə müəssisədən zəng edilərək əmək haqqısını götürməsi istənilmişdir. O, müəssisəyə gedərkən ona plastik kart vermişlər və bir neçə sənədə imza etdirmişlər. Həmin sənədlərin içərisində əmək müqaviləsi də olmuşdur. Müqavilənin 18 avqust tarixinə hazırlanmasını gormüşdür. Ona texniki təhlükəsizlik qaydaları barədə məlumat verməmişdir. Hazırda onun heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X4 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta törətməsindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. X4 törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar