Məhkəmə qərarları › İş №3(039)-4/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-4/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-4/2022 14.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi ilə Şəxs Аzərbаycаn Rеspublikаsının İХM-nin 528.1-ci mаddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rаyоn İcrа və Probasiya Şöbəsindən dахil оlmuş inzibаti хətа hаqqındа protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında bахаrаq, MÜƏYYƏN ЕTDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 20.04.2016-cı il tarixli, 2(039)-117/2016 saylı və 26.10.2020-ci il tarixli, 2(039)-1920/2020 saylı icra vərəqələrinə əsasən yaranmış 8160 manat aliment borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində 22.12.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədən Şəxs borcun ödənilməsi üçün vaxt istəmiş və işə baxılması 14.01.2022-ci il tarixə təxirə salınmışdır. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun, tələbkarın və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 əvvəlki məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 20.04.2016-cı il tarixli, 2(039)-117/2016 saylı və 26.10.2020-ci il tarixli, 2(039)-1920/2020 saylı icra vərəqələri Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. Borclunun icra vərəqəsində göstərilən ünvan 1 ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bundan sonra icra tədbirləri davam etdirilərək borclu barəsində axtarış işi açılmışdır. İcra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və hazırda 8160 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunan borcun ödənilməsi üçün Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və ondan borcunun ödənilməsi tələb edilmiş, lakin o, 22.12.2021-ci il tarixdə şöbəyə verdiyi izahatında maddi imkanının olmamasını, işsiz olduğunu bildirərək, tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlki məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 20.04.2016-cı il tarixli, 2(039)-117/2016 saylı və 26.10.2020-ci il tarixli, 2(039)-1920/2020 saylı icra vərəqələrinə əsasən tələbkar Zərərçəkmiş şəxs 8160 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə qətnamələrindən, axtarışda olduğundan xəbəri olmadığı üçün, həmçinin icra məmuru tərəfindən ona icra vərəqələrinin icrası ilə bağlı bildiriş təqdim edilmədiyindən borcunun yaranmasından məlumatı olmamış, bu səbəbdən də borcunu ödəyə bilməmişdir. Borcundan ödəniş etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 14 yanvar 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkara olan borcunun bir hissəsini ödədiyini, qalan hissəsinin ödənilməsi barədə aralarında razılığa gəldiklərini, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, iş üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar