Məhkəmə qərarları › İş №3(039)-415/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-415/2020

27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-415/2020 27.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs x3 iştirakları ilə, 07.08.1986-cı ildə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 26 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x8 26 iyun 2020-ci il tarixdə saat 18:55 radələrində Yevlax şəhərində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x7 çıxış edərək bildirmişdir ki, x8 26 iyun 2020-ci il tarixdə saat 18:55-də Yevlax şəhərində karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş x8 özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 26 iyun 2020-ci il tarixdə xalası oğlu Kamran Mahmudovla idarə etdiyi avtomobillə Xaldan qəsəbəsindən yaşadıqları Yevlax şəhərinə qayıdarkən polis əməkdaşları avtomobili saxladaraq SMS icazələrinin olub-olmaması barədə soruşduqda, onlar icazə alaraq Xaldan qəsəbəsinə getdiklərini, orada işləri uzandığı üçün 2 saatlıq icazə müddətini keçirdiklərini bildirmişdirlər. Bundan sonra polis əməkdaşları ona avtomobili kənara çəkib saxlamağı bildirmişlər, lakin o, polisin bu göstərişini maşını sürüb gedə biləcəkləri kimi qəbul edərək maşını kənara vermədən sürüb getmişdir. Sonradan polis onların arxasınca gələrək onları saxlayıb polis şöbəsinə gətirmişdir.Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı x9 çıxış edərək bildirmişdir ki, 26 iyun 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində post yoldaşı Mehman İbrahimovla xidmətdə olan zaman saat 18:55-də iki nəfər vətəndaş avtomobillə Yevlax şəhərinə daxil olmaq istəyərkən avtomobili saxlayıb, sərnişinlərin icazəsinin olub olmadığını yoxlayarkən, sonrada adlarını bildikləri Sadıq və Kamranın icazə aldıqlarını, lakin icazə müddətinin 4-5 saat əvvəl bitdiyini görüb, onlara yol hərəkətinə mane olmamaq üçün avtomobili kənara çəkməklərini bildirmişdir. Lakin həmin vətəndaşlar onun göstərişinə əməl etməyərək avtomobili sürərək oradan uzaqlaşmışlar. Həmin vətəndaşlar tərəflərindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı x4 şahid x5 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 26 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, x8 26 iyun 2020-ci il tarixdə saat 18:55 radələrində Yevlax şəhərində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri x5 və x2 26.06.2020-ci il tarixli raportundan görünür ki, 26.06.2020-ci il tarixdə saat 18:55 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Daxili Qoşunların iki əməkdaşı ilə birlikdə vətəndaşlara karantin qaydalarına əməl etmələri bidirilən zaman iki nəfər vətəndaşa xəbərdarlıq etmələrinə baxmayaraq, həmin vətəndaşlar polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir; 26 iyun 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, x8 26 iyun 2020-ci il tarixdə, saat 19:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın x8 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, x6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x8 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 26 iyun 2020-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar