Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-417/2021 18.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 27 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 aprel 2021-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində X1 əmlakına ziyan vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Mingəçevir şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğuldur. 09 aprel 2021-ci il tarixdə əvvəllər tanıdığı Samirə adlı qadını müştəri kimi Yevlax rayonu Tanrıqulular kəndinə aparmış və Samirə həmin ünvanda onun tanımadığı şəxslərlə mübahisə etmişdir. Bundan sonra Samirə və yanında başqa bir qadın olmaqla azyaşlı uşaqlarla avtomobilə əyləşmişlər. Onlar hərəkətə başladıqdan sonra arxalarınca “VAZ 21011” markalı avtomobil onun avtomobilini təqib edərək ona avtomobili saxlaması üçün işarə etmişdir. O, avtomobilini saxlamadıqda həmin avtomobil onun avtomobilinə bir neçə dəfə vurmuşdur. Artıq Mingəçevir şəhəri ala qapı adlanan əraziyə çatan zaman o, DİN-in 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Bundan sonra həmin avtomobil təqibi dayandıraraq geri qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 aprel 2021 il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X2 Təhlükəsizlik Bölməsinə göndərilmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 aprel 2021 il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2104” markalı avtomobilə 570 manat maddi ziyan dəymişdir; MN seriyalı ******* nömrəli 27 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 aprel 2021-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində Zərərçəkmiş şəxs əmlakına ziyan vurmuşdur. Məhkəmə, zərərçəkmiş şəxsin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Buna görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalı və o, vurulmuş ziyanın bir misli miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 570 (beş yüz yetmiş) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-417/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-417/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver