Məhkəmə qərarları › İş №3(039)-439/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-439/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-439/2021 25.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən 06.04.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 2000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X7 09.02.2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində beş ədəd “Qovaq” və iki ədəd “Gavalı” cinsindən olan ağacları qanunsuz olaraq kəsərək məhv etmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 07.04.2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən 06.04.2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə X7 oğlu 2000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 aprel 2021-ci il tarixli MN ******* №-li qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surəti poçt vasitəsilə ona göndərilmiş, 16 aprel 2021-ci il tarixdə Aran poçt məntəqəsinə daxil olmuş, lakin ona təqdim edilməmişdir. O, 28 apreldə poçta gedib kommunal ödənişləri edən zaman ona bildirmişlər ki, ona məktub gəlib və o da həmin vaxt məktubu (qərarı) poçtdan götürmüşdür. Həmin qərar belə əsaslandırılmışdır ki, guya ki, o 5 ədəd qovaq və 2 ədəd gavalı ağacı kəsmişdir. Həqiqət isə belədir ki, o ,40 ildir ki, Aran qəsəbəsində yerləşən iki mərtəbəli binanın ikinci mərtəbəsində yaşayır. Binanın kənarında kiçik bir həyəti vardır. Həmin həyətin ətrafı taxta hasarla düzəldilib. Təxminən 2-3 il əvvəl o hasarın ətrafı ilə kölgəlik üçün qovaq ağacları əkmişdir. Vətən Müharibəsi vaxtı həyətin ətrafına yığışan insanlar, xüsusilə də qonşusu Pərviz Quliyev onun həmin taxta hasarını sökərək, həmçinin əkdiyi ağacların qol-budağını kəsərək yandırmışdır. Həmin vaxtlarda o, “Covid 19” xəstəsi kimi müalicə alırdı. Bir müddət sonra o, həmin ağacların tamamilə qol-budaq olduğu üçün yararsız vəziyyətdə olmasını görmüşdür. Ona görə də o, həmin ağacları kəsərək qonşusuna vermişdir. Qonşusu da həmin ağacları öz həyətinə əkmişdir. Özü yaşlı və xəstə adamdır, 64 yaşı vardır. Maddi imkanı olduqca aşağıdır, tənha qadındır və əri vəfat etmişdir. Həmin təyin olunmuş 2000 manatı ödəmək iqtidarında deyil. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmunundan izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qeyd edilən ağacları kəsərkən haqlı olmuşdur, belə ki, həmin ağacları özü əkmişdir və hasarının ətrafında olan həmin ağacların kölgəsinə insanların yığışması onun normal istirahətinə maneəçilik törədirdi. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Dünya İsa qızının şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X4 09.02.2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində beş ədəd “Qovaq” və iki ədəd “Gavalı” cinsindən olan ağacları qanunsuz olaraq kəsərək məhv etməsi ilə əlaqədar 09.02.2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsi sakini X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə həmkəndlisi X7 tərəfindən yaşadıqları küçədə ağacları kəsməsi barədə etmiş olduğu şikayəti əsasında Yevlax rayon polis şöbəsində araşdırma aparılmış və fakt üzrə cinayət tərkibi olmadığından materiallar aidiyyatı üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bundan sonra daxil olmuş material üzrə idarənin əməkdaşları qeyd olunan ünvana baxış keçirtdikdə X7 tərəfindən beş ədəd “Qovaq” və iki ədəd “Gavalı” cinsindən olan ağacları qanunsuz olaraq kəsərək məhv etməsi faktı öz təsdiqini tapmışdır. Bundan sonra idarənin rəisi X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və vətəndaş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 2000 manat məbləğində cərimə edilmişdir. X7 ona tətbiq edilmiş cərimədən 100 manat məbləğində ödəniş etmişdir. Qərar əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 mart 2021-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 aprel 2021-ci il tarixli, MN ******* saylı il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, X7 09.02.2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində beş ədəd “Qovaq” və iki ədəd “Gavalı” cinsindən olan ağacları qanunsuz olaraq kəsərək məhv etmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 07.04.2021-ci il tarixdə MN ******* saylı protol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən 06.04.2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə X7 oğlu 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı, 06.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X7 beş ədəd “Qovaq” və iki ədəd “Gavalı” cinsindən olan ağacları kəsməsi ilə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinmişdir. X7 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X4 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar