Məhkəmə qərarları › İş №3(039)-440/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-440/2021

10.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-440/2021 10.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, 03 dekabr 2020-ci il tarixdə saat 11.30 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində saxlanılarkən üzərindən 0,024 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 izah etdi ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə heroin əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1980-ci il tarixdə Yevlax şəhərində anadan olmuş Şəxs, 03 dekabr 2020-ci il tarixdə saat 11.30 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində saxlanılaraq QBRŞ-yə aparılmışdır. Şəxs, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin 19 dekabr 2020-ci il tarixli qərarı ilə törədilmiş əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 29 yanvar 2021-ci il tarixli müşaiyət məktubu ilə qeyd olunan inzibati material baxılması üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən iki ildir ki, narkotik vasitə heroin istifadəçisidir. 03 dekabr 2020-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri, X4rşısında olan zaman yerdən içərisində narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli bükülü tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. 03 dekabr 2020-ci il tarixdə saat 11:30 radələrində yaşadığı evi tərk edib küçəyə çıxan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Sonuncular xidməti vəsiqələrini ona nümayiş etdirib özlərini təqdim etmişlər. O, polislərin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduğunu bildikdən sonra sonunculara üzərində narkotik vasitə heroin gəzdirdiyini bildirmişdir. Sonra polis əməkdaşları ona birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəklərini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu özləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Orada üzərində vəkilin iştirakı ilə video çəkiliş altında keçirilən şəxsi axtarış zamanı yerdən tapdığı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin 19 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Şəxs tərəfindən törədilmiş əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 29 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində toplanmış material inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında İXM-nin 53.0.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar 19 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir, lakin MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol 09 may 2021-ci il tarixdə tərtib edilmişdir və baxılması üçün məhkəməyə 10 may 2021-ci il tarixdə daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.6, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs barəsində inzibati xəta haqqında İXM-nin 38-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar