Məhkəmə qərarları › İş №3(039)-446/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-446/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-446/2020 08.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 07 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2020-ci il tarixdə saat 14:20 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində sərxoş vəziyyətdə karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x3 çıxış edərək bildirmişdir ki, Şəxs 07 iyul 2020-ci il tarixdə saat 14:20 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində sərxoş vəziyyətdə səs-küy saldığına görə ona yaxınlaşıb özünü təqdim edərək nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs müxtəlif şəxslərin ünvanına nəlayiq söyüşlər söyərək öz hərəkətlərinə davam etmişdir. Bunda sonra onun SMS icazəsi olmadan yaşayış yerini tərk edərək karantin qaydalarını pozduğu müəyyən edildiyindən həmin vətəndaş tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 07 iyul 2020-ci il tarixdə yaşadığı binanın birinci mərtəbəsində yerləşən mənzil istismar sahəsinə gedərək evində su probleminin həll olub-olmamasını soruşmaq istəmişdir. Ofisdə mənzil istismar sahisinin rəisi və digər əməkdaşlarla mübahisələri olmuşdur. Bu səbəbdən o, əsəbləşərək səs-küy salmağa başladıqda polis əməkdaşı həmin yerə gələrək onu nizam-intizama dəvət etmişdir. Lakin o, əsəbi və sərxoş olduğundan səs-küy salmaqda davam etmişdir. Bundan sonra polis əməkdaşı ondan SMS icazəsinin olub-olmadığını soruşduqda o, SMS icazəsiz evini tərk etdiyini bildirmişdir. Sonradan polis əməkdaşı onu rayon polis şöbəsinə getməyi təklif etdikdə o, etiraz etmədən polis şöbəsinə getmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 07 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2020-ci il tarixdə saat 14:20 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində sərxoş vəziyyətdə karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x2 07.07.2020-ci il tarixli raportundan görünür ki, 07.07.2020-ci il tarixdə saat 14:20 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən Yataqxananın qarşısında vətəndaşlara “evdə qal” kompaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, bir nəfər sərxoş vəziyyətdə olan şəxsə dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, həmin şəxs onun qanuni tələblərinə əməl etməmişdir. O, həmin şəxsi nizam-intizama dəvət etməyinə baxmayaraq, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsiz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur ; 127 №-li, 07.07.2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs 07.07.2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; 07 iyul 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 07 iyul 2020-ci il tarixdə, saat 15:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 07 iyul 2020-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar