Məhkəmə qərarları › İş №3(039)-451/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-451/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-451/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil 20 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xudatova X5 Rayon Məhkəməsinin 2(039)-327/2019 saylı, 20.08.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 5406,40 manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Borclunun ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunması qərara alınsa da, borclu həmin qərardadı da icra etməyərək, hər ay tələbkarın hesabına 300 manat borcunu ödəməkdən yayınmışdır. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından bu müddət ərzində onunla əlaqə saxlamaq mümkün olmamışdır və nəticədə onun yerini müəyyən etmək üçün barəsində axtarış elan olunmuşdur. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırda heç bir yerdə işləmədiyindən hazırkı tarixədək yaranmış borcunu tələbkarın xeyrinə ödəyə bilmədiyini, hər ay 100-150 manat ödəyə biləcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilmədiyini, borclu tərəfindən icra sənədinin tam olaraq icra edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkil X6 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xudatova X5 Rayon Məhkəməsinin 2(039)-327/2019 saylı, 20.08.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 5406,40 manat borcunu ödəməkdən yayınmışdır; icraata başlama haqqında 01.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-327/2019 saylı, 20.08.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Yevlax Rayon Məhkəməsinin 8(039)-143/2020 saylı, 06.11.2020-ci il tarixli qərardadından görünür ki, 2(039)-327/2019 saylı, 20.08.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs tutulmalı olan 6030,40 manatın hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi qərara alınmışdır. 29 aprel 2021-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, borclu Şəxs oğlu barəsində 29 aprel 2020-ci il tarixdə axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)- 327/2019 saylı, 20.08.2019-cu il tarixli icra sənədinin icrasını tam təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar