Məhkəmə qərarları › İş №3(039)-484/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-484/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-484/2020 27.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru x1, tələbkar x2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cui ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2661/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından yayınmışdır. Yevlax rayon icra şöbəsinin icra məmuru x3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2661/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 6006 manat məbləğində pul Şəxs alınaraq tələbkar x2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilsə də, sonradan borclu Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmasına baxmayaraq faktiki Bakı şəhəri, Yasamal rayonu ərazisində rerləşən “Turan” hərbi yataqxanasında yaşaması barədə icra və probasiya şöbəsinə arayış təqdim etmişdir. Bu səbəbdən də icra işi Bakı şəhəri, Yasamal rayonu icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu icra sənədini icra etmədiyindən borclu barəsində olan icra işi yenidən Yevlax rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Bundan sonra icraata başlamaq qərarı qəbul edilərək x5 icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 6006manat borcunu hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tələbkar x4 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs şikayətçi olduğunu, borcunun ödənilməsi üçün borcluya kifayət qədər vaxt verildiyini, borclu qərəzli surətdə borcunu icra etmədiyini bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırkı tarixədək yaranmış borcunu hazırda tələbkarın xeyrinə ödəyə bilməyəcəyini, lakin ona vaxt verilsə borcu hissə-hissə ödəyə biləcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2661/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-2661/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 manat məbləğində borc, banka ödədiyi 884 manat məbləğində pulun, 92 manat notarial xidməti haqqının və dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6006 manat tutularaq iddiaçı Şəxs xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, tələbkarın, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-2661/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədininicrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, x8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar