Məhkəmə qərarları › İş №3(039)-485/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-485/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-485/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25692179 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət verərək, Azəbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25692179 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 23 yanvar 2025-ci il tarixdə ona EQ 25692179 saylı protokol Yasamal rayonu A.Şərifzadə küçəsində tərtib olunmuşdur. O həmin tarixdə yolun 2-ci zolağında halının qəfil pisləşməsi nəticəsində dayanmış, bir-iki dəqiqə özünə gəldikdən sonra yola davam etmişdir. Məcburiyyətdən irəli gələrək, yolun kənarında saxlamışdır. O bir neçə dəqiqəlik saxlamasa o zaman daha pis nəticələr baş verə bilərdi. Bunu o öz sağlamlığı və hərəkət iştirakçılarının sağlamlığını düşünərək etmişdir. Maşını saxlamış və narahatlığı aradan qalxdıqdan sonra yoluna davam etmişdir. O «Yol hərəkəti haqqında» Qanunun 1.30-cu maddəsində göstərilən «məcburi dayanmatexniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır» müddəasına əsaslanaraq nəqliyyat vasitəsini müvəqqəti bir neçə dəqiqəlik dayandırmışdır. Səhhətinin pisləşməsindən asılı olaraq maşını bir-iki dəqiqə saxlamış, nə avtomobildən düşmüş, nə nəqliyyat vasitəsinə nə isə yükləmiş, nə də hər hansı bir hərəkət etmişdir. Halının pisləşməsi ilə əlaqədar ani olaraq avtomobili saxlamaq məcburiyyətində qalmış, buna görə nə qanunvericilik, nə də insanlıq barəsində protkol tərtib olunması üçün səbəb ola bilməzdi. Həmin bu halla bağlı o öz müraciətini Baş Dövlət Yol Polisi İdarəsinin internet informasiya şəbəkəsində xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Lakin onlar onu qeydiyyata almalarına baxmayaraq, ona rəsmi şəkildə xahişinə savab verməmişdirlər. Artıq müraciətinə 35 gündən çox vaxtdır ki, baxılmır. Şikayətçi qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə şikayətə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan SMS məlumatdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Yasamal rayonu A.Şərifzadə küçəsində ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması inzibati xətanı törətdiyinə görə həmin tarixli EQ 25692179 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 2 bal olmaqla 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan votogörüntüdən müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin ikinci cərgəsində saxlamışdır. İşdə olan sənədlərlə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin ikinci cərgəsində dayandırması öz təsdiqini tapır. X1 şikayətində göstərdiyi dəlillərin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə halda xx.xx.2025-ci il tarixli, EQ 25692179 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasn Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin müəyyən edilmiş hallarından məhkəmə belə nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin dəlilləri əsassız olduğundan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25692179 saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25692179 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar