Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-490/2021 12.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05.02.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 11 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 iyun 2021-ci il tarixdə saat 14:30-da Yevlax rayonu Xaldan kəndində ictimai qaydanı pozmuşdur və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin əməkdaşları 11 iyun 2021-ci il tarixdə 102 qaynar xəttinə daxil olmuş məlumat əsasında saat 14:30-da Yevlax rayonu Xaldan kəndinə “Sərin” kafesinə gedərək həmin ünvanda bir nəfər vətəndaşın sərxoş vəziyyətdə ictimai yerdə ictimai qaydanı pozduğunun şahidi olmuşlar. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etdikdən sonra vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin vətəndaş polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etdiyi üçün vətəndaş polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Vətəndaş sərxoşluq müayinəsindən keçmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 11 iyun 2021-ci il tarixdə saat 14:30-da Yevlax rayonu Xaldan kəndində “Sərin” kafesinin yanında sərxoş olduğu üçün özündən asılı olmayan səbəblərdən ucadan səs-küy salmağa başlamışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər və onu saxlayaraq rayon polis şöbəsinə aparmışlar. Sərxoş olduğu üçün hərəkətlərinin mənasını başa düşməmişdir. Hazırda əməlindən peşman olmasını bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin post patrul xidməti bölməsinin polis nəfəri, polis serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 11 iyun 2021-ci il tarixdə o, post yoldaşı X6 ilə birlikdə 102 qaynar xəttinə daxil olmuş məlumat əsasında saat 14:30-da Yevlax rayonu Xaldan kəndinə “Sərin” kafesinə getmiş, bir nəfər vətəndaşın sərxoş vəziyyətdə səs-küy saldığını görmüşlər, həmin vətəndaş polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etdiyi üçün saxlanılaraq polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 11 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 iyun 2021-ci il tarixdə saat 14:30-da Yevlax rayonu Xaldan kəndində ictimai qaydanı pozmuşdur, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 115 №-li, 11.06.2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; 11 iyun 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 11 iyun 2021-ci il tarixdə saat 15:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM- 33.1.7) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 11 iyun 2021-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-490/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-490/2021
12.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver