Məhkəmə qərarları › İş №3(039)-494/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-494/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-494/2020 30.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu, Oruclu kəndində qeydiyyatda olan və Yevlax şəhəri, “PMK”-7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax şəhəri, K.Sabitov küçəsində karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax şəhəri, K.Sabitov küçəsində karantin rejimi qaydasını pozaraq tibbi maskasız evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsələr də o, ucadan səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində SMS icazə aldıqdan sonra evlərinə ərzaq almaq üçün mağazaya gedərkən polis əməkdaşları ona yaxınlaşaraq SMS icazəsinin olub-olmadığını yoxlamışlar. Yoxlama zamanı SMS icazəsinin olduğu müəyyən edilmişdir. Lakin polis əməkdaşları ondan tibbi maskasız evini tərk etdiyini bildirərək rayon polis şöbəsinə aparmışlar. O, polis şöbəsinə aparılarkən və polis şöbəsində olarkən polisin heç bir tələbinə qarşı etiraz etməmiş, əksinə polisin tələbinə tabe olaraq könüllü surətdə polis şöbəsinə getmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölüyünün əməliyyət müvəkkili, polis baş leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə 20:40 radələrində xidmət yoldaşı Nofəl Bayramovla birlikdə Yevlax şəhəri K.Sabitov küçəsində xidmətdə olarkən küçədə maskasız gəzən bir nəfərə yaxınlaşıb onun SMS icazəsinin olub-olmamasını yoxladıqda SMS icazəsinin olduğunu müəyyən etmişlər. Lakin küçədə olarkən tibbi maskadan istifadə etmədiyi və aralarında yaranmış anlaşılmazlığa görə vətəndaşı polis şöbəsinə aparmışlar. Həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax şəhəri, K.Sabitov küçəsində karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs, həm də şahidin verdiyi izahatlardan xx xxxx 2020-ci il tarixdə Şəxs karantin rejimi qaydalarını pozması və polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən karantin rejimi qaydalarını pozmasına və polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə yaşadığı evini SMS icazə alaraq tibbi maskasız tərk etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin dispozisiasına görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Lakin Şəxs tibbi maskasız yaşadığı küçədə hərəkət etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hesab edilə bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozan, habelə polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin211.1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar