Məhkəmə qərarları › İş №3(039)-516/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-516/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-516/2021 25.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 25.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21.04.2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qarşısında X1 təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 21.04.2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qarşısında X1 təhqir etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilmiş, əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 çıxış edərək bildirmişdir ki, 21.04.2021-ci il tarixdə əri X10 Rayon Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gəlmişdir. Məhkəmədə ərinin Şəxs ilə gəldiyini görmüşdür. Onların məhkəmə iclasları bitdikdən sonra məhkəmə binasından çıxdıqdan sonra Əskinaz ona yaxınlaşaraq onu söyüb təhqir etmiş, o da Ərkinazə cavab olaraq söymüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 25.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21.04.2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qarşısında X1 təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi, X5 və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar