Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-531/2024 23.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X2, Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X3 iştirakları ilə, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət verərək, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, «VAZ-212140» minik markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. 16 iyun 2024-cü il tarixdə, saat 12:00-da həmin nəqilyyat vasitəsini Yevlax şəhərində idarə etdiyi zaman Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin əməkdaşı tərəfindən dayandırılmış və YPX-nin əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinin sükan başlığında və yan güzgülərində konstruksiya dəyişikliyi edildiyini bildirərək, heç bir əsas olmadan və protokol tərtib etmədən nəqliyyat vasitəsini dayanacağa yerləşdirmişdir. Bununla bağlı «VAZ-212140» minik markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən «102» xidmətinə müraciət edildikdən sonra mülkiyyətçi X12 RPŞ-nin DYPB-ə dəvət edilmiş, polis əməkdaşı tərəfindən yalnız sükan başlığı və yan güzgülərin dəyişdiriləcəyi halda protokol tərtib edilcəyi bildirilmişdir. Həmin gün saat 20:11-də elektron sistemlə protkol tərtib olunması barədə SMS məlumat gəlmiş və İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə olunduğunu bilmişdir. Barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protkol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin sükanının başlığının və yan güzgülərin dəyişdirilməsi konstruksiya dəyişikliyi deyil, aksessuar dəyişikləyidir. Qanunvericilik isə aksessuar dəyişikliyini qadağan edən və ya məhdudlaşdıran hər hansı norma müəyyən etməmişdir. Qadağan olunmayan dəyişiklik qeyri-qanuni olmadığı üçün nəqliyyat vasitəsində olan sükan və yan güzgü dəyişikliyi də qeyri-qanuni sayıla bilməz. Sükan başlığı və yan güzgülər müxtəlif növlərdə olur. Bu da bir daha həmin hissələrin aksessuar olduğunu göstərir. Barəsində tərtib edilmiş protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Buna görə də, hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X6 şikayətin dəlillərini əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, 18 iyun 2024cü il tarixdə, saat 20 radələrində yan güzgülər dəyişdirildiyinə görə «VAZ-212140» minik markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərindən qanuna uyğun şəkildə dayandırılmış və həmin vaxt əlavə olaraq nəqliyyat vasitəsinin sükan başlığının da dəyişdirildiyi müəyyən edilmişdir. Buna görə həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X2 barəsində həmin tarixdə Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, X5 İXM-nin qeyd edilən maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsi durdurulduğu zaman, eləcə də inzibati xəta haqqında protokol tərtib edildiyi və inzibati xəta haqqında qərar qəbul edildiyi zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 mülkiyyətindədir. İşdə olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X10 mülkiyyətində olan «VAZ 212140» minik markalı, ** SF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixədək idarə etmək üçün X4 etibar etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; 342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna «Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı haqqında 1 saylı Əlavə ilə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların konkret siyahısı müəyyən edilmiş və nəqliyyat vasitəsinin sükan başlığının və yan güzgülərinin dəyişdirilməsi həmin siyahıda nasazlıq kimi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutulur. X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protkol tərtib edilən zaman nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirildiyi göstərilsə də, həmin protokolda nəqliyyat vasitəsində olan hansı avadanlığın dəyişdirildiyi və həmin avadanlığa münasibətdə hansı normativ tələblərin pozulduğu öz əksini tapmamışdar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci madəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında X2 istifadəsində olan nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozması, yəni nəqliyyat vasitəsində normativ tələbləri pozmaqla avadanlıq quraşdırması və ya dəyişdirməklə nəqliyyat vasitəsini istifadə etməsi (istismarı) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar X5 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-ə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən X2 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-ə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-531/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-531/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver