Məhkəmə qərarları › İş №3(039)-538/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-538/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-538/2021 05.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Yevlax rayonu Ərəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Ərəş kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 04.07.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04.07.2021-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində yerləşən “Ərəş” şadlıq sarayında karantin rejimi qaydasını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, 04.07.2021-ci il tarixdə vətəndaş X2 102 qaynar xəttinə Yevlax rayonu Xaldan kəndində yerləşən “Ərəş” şadlıq sarayında 800 nəfərin iştirakı ilə toy məclisinin keçirilməsi barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunan ünvana getmişlər. Müəyyən olunmuşdur ki, Şəxs öz qardaşına toy şənliyi təşkil etmiş, həmin şənlikdə Nazirlər Kabineti yanında Operativ Qərargahın şənlik mərasimlərinin keçirilməsi barədə qərarda qeyd olunan digər qaydalara riayət olunsa da, şənliyin keçirilmə yeri və vaxtı, qonaqların sayı barədə məlumatı portala daxil etməyərək karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, 04.07.2021-ci il tarixdə balaca qardaşına toy şənliyi təşkil etmək üçün Yevlax rayonu Xaldan kəndində yerləşən “Ərəş” şadlıq sarayının sahibi Rövşən Məmmədovla razılığa gəlmişdilər. Razılığa əsasən o, şənlikdə iştirak edəcək qonaqlarının vaksin olunmalarını və sayının 150 nəfərdən artıq olmamasını təmin edəcəkdir, lakin qalan hər bir işin təşkilini sarayın sahibi öz üzərinə götürmüşdür. Şənlik günü, yəni 04.07.2021-ci il tarixdə sarayda şənlik gedən zaman polis əməkdaşları saraya daxil olaraq karantin qaydalarına riayət olunub-olunmamasını yoxlayan zaman ona şənliyin portalda qeydiyyatdan keçmədiyini bildirmişlər, o isə polislərə bu barədə məlumatsız olduğunu bildirmişdir. O, şənliyin keçirilmişi ilə bağlı bütün qaydalara əməl etmiş, lakin qanunu bilmədiyi üçün şənliyin vaxtı və yeri barədə məlumatı portala daxil edilməsini təmin etməmişdir. Məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı 04.07.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04.07.2021-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində yerləşən “Ərəş” şadlıq sarayında karantin rejimi qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. “Şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında” Nazirlər Kabinetinin 22.06.2021-ci il tarixli qərarında göstərilir ki, keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır; - şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar