Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-541/2023 22.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən 26 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 500 manat məbləğində cərimə edilmişdir. Qərarla razı olmaya, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X4 tərəfindən tərtib olunmuş 13 iyul 2023-cü il tarixli inzibati xəta haqqında MN №-li ******* saylı protokolun və həmin protocol əsasında tərtib olunmuş 26 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN №-li ******* saylı qərarın ləğv edilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X4 tərəfindən barəsində qərəzli olaraq heç bir əsas olmadan xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında 26 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarla İXM-nin 271-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İnzibati xəta haqqında MN № ******* saylı protokolda qeyd olunur ki, Yevlax rayon Aran qəsəbəsində Aran Petrola yaxın ərazidə guya onun icarə götürdüyü iaşə obyektnin kənarında məişət tullantılarının qalaqlanaraq yandırılması faktı aşkarlanmışdır. Halbuki, onun icarəyə götürdüyü iaşə obyektinin qarşısında belə bir fakt yoxdur və aşkarlanmamışdır. Protokolda göstərilən yer onun icarəyə götürdüyü iaşə obyektindən xeyli kənardadır. Həmin tullantı qalaqlarının lap yaxınlığında başqa bir obyekt və yaşayış evləri də vardır. Buradan aşkar görünür ki, 8 saylı Regional Ekologya və Təbii Sərvətlər idarəsinin əməkdaşı X4 tərəfindən heç bir fakta əsaslanmadan tərtib olunmuş protokol və onun əsasında olan qərar əsasında o, qərəzli olaraq 500 manat cərimə olunmuşdur. Həmin qərarla razılaşmadığına görə protokola və qərara imza etməkdən imtina etmişdir. Barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında tərtib olunmuş 26 iyul 2023cü il tarixli, MN № ******* saylı qərar tam əsassız və qanunsuzdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Elşad İbrahimov şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, protokolda qeyd edilən ərazidə rəsmi icarə müqaviləsi bağlamasa da çayxana işlədir. Çayxanada olan tullantıları qeyd edilən əraziyə atmır, həmin tullantıları qutulara yığıb saxlayır və orada keçən traktora yükləyir ki, traktor başqa yerə aparsın. 13 iyul 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı həmin əraziyə gələrək oraya baxış keçirmiş və orada niyə zibil qutularının olmadığını soruşmuşdur. Buna cavab olaraq bildirmişdir ki, müvafiq orqanlara müraciət etmişdir. Həmin əməkdaş ondan yazılı izahat istəmişdir. Belə anlamışdır ki, həmin izahat oraya tullantılar üçün xüsusi qutuların quraşdırılması üçündür və bu səbəbdən də izahatında qeyd etmişdir ki, həmin əraziyə zibillər onun tərəfindən atılmışdır. Halbuki, həmin əraziyə hər hansı zibil atmamışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Polad Atayev bildirmişdir ki, Elşad İbrahimov tərəfindən 13 iyul 2023-cü il tarixdə Yevlax rayon Aran qəsəbəsində Aran petrol yaxın ərazidə icarəyə götürdüyü iaşə obyektinin kənarında məişət tullantılarının qalaqlayaraq yandırması faktı aşkar edilmişdir. Elşad İbrahimov izahat verərək həmin əraziyə tullantıları atdığını və orada tullantıları yandırdığını etiraf etmişdir. Bunun əsasında protocol tərtib edilmiş və müvafiq qərarla Elşad İbrahimov cərimə edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 75.0.1. inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; Maddə 76.1 İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 271. Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, Elşad İbrahimov 13 iyul 2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində Aran petrol yaxın ərazidə icarəyə götürdüyü iaşə obyektinin kənarında məişət tullantılarının qalaqlayaraq yandırması faktı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinmişdir. Elşad İbrahimov şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, onun tərəfindən protokolu tərtib etmiş orqana təqdim edilmiş izahatla inzibati xətanın törədilməsi təsdiqini tapmışdır. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında Elşad İbrahimovun törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-541/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-541/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver