Məhkəmə qərarları › İş №3(039)-551/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-551/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-551/2021 14.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Nizami rayonu, Gülüstan massivində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, 07 iyul 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Həmdəm Otel” ictimai iaşə obyektində açıq məkanda müvafiq icazə alınmadan reklam yayımı həyata keçirildiyi aşkar edilmişdir. Bununla da, “Həmdəm Otel” ictimai iaşə obyektinin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1 maddəsi ilə təqsirli bilinərək 1,500 manat məbləğində cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Elmir Ağayev bildirmişdir ki, Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Həmdəm Otel” ictimai iaşə obyektində açıq məkanda müvafiq icazə alınmadan reklam yayımı həyata keçirildiyi aşkar edildiyinə görə həmin obyektin rəhbəri Şəxs X7 İdarəsinə rəsmi müraciət etməyini və ya açıq məkanda yerləşdirdiyi reklamın sökülüb götürülməsi barədə bildiriş göndərilmişdir. Lakin, Şəxs tərəfindən bununla bağlı pozuntuar aradan qaldırılmamışdır. Ona görə də, “Həmdəm Otel” ictimai iaşə obyektinin rəhbəri Şəxs barəsində MN ******* №-li, 07 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib, protokolu, ona edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyasının qərarında da qeyd edilmişdir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Bu Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-2, 26.2-2.1 və 26.23-ci maddələrinə əsasən reklam yayıcısı, həmçinin reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün reklam yayıcısı (reklam qurğularının mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına eyni zamanda bildirilməlidir; reklam yayıcısı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırıldığı barədə reklam yayıcısının müraciətindən sonra müddətin axımı bərpa olunur; reklam yayıcısı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində reklam yayıcısına təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin Qaydanın 2.8 və 2.9-cu bəndlərinə əsasən reklam yayıcısı aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər; icazə verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu muüvafiq qurumun verildiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydanın 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Həmin Qaydanın 3.4 və 3.5.1-ci bəndlərinə əsasən yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır). Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.4 və 3.5.1-ci bəndlərinə əsasən yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməlidir. Halbuki, tədqiq edilən işdən icrası məcburi olan yazılı göstərişin reklam yayıcısına təqdim edilməsi iş materiallarında öz əksini tapmır. Müəyyən edilir ki, reklam yayıcısı ehtimal olunduğu şəxs və onun ailəsi faktiki olaraq bu ərəfədə Türkiyə Respublikasında olmuşlar və onlara həmin göstəriş qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qanunvericiliklə şəxs barəsində inzibati tənbeh verilməsi üçün müəyyən edilmiş müddət də artıq ötürülmüşdür. İnzibati Xətalar Məcəlləsi: Maddə 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddə 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Müəyyən olunur ki, X7 İdarəsinin Estetik Nəzarət Şöbəsinin böyük müfəttişi X2 tərəfindən “Həmdəm Otel” ictimai iaşə obyektinin rəhbəri Şəxs barəsində 07 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol tərtib olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs “Həmdəm Otel” ictimai iaşə obyektinin rəhbəri Şəxs həmin inzibati xətanı törətməsi sübuta yetirilsədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.1.2, 53.1.6, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Həmdəm Otel” ictimai iaşə obyektinin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar