Məhkəmə qərarları › İş №3(039)-563/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-563/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-563/2023 27.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,Laçın rayonu Qarabəyli kəndində qeydiyyatda olan Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ifadəsində göstərmişdir ki, hazırda evlidir və himayəsində bir azyaşlı uşağı vardır. O, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə məhkum olunmuş və 13 il cəza çəkdikdən sonra 2016-cı ildə cəzanın sonu ilə azadlığa buraxılmışdır. O, özü 2-3 aydır ki, narkotik vasitə heroindən istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və metamfetamini iki gün əvvəl Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından onlayn vasitəsi ilə 40 manata özü üçün istifadə etmək məqsədi ilə alaraq üzərində saxlamışdır. O, həmin narkotok vasitə və psixotrop maddə olan metamfetamini həmin şəxsin ona konum atdığı yerdən götürmüş pulu isə həmin şəxsə onlayn qaydada ödəmişdir. 19 may 2023-cü il tarixdə saat 16:15 radələrində o, yaşadığı Yevlax rayon Aran qəsəbəsində, yol kənarında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona birlikdə Yevlax rayon polis şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu Yevlax rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X4 onun hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X1 Yevlax RPŞ-nə dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən saxladığı iki ədəd kağız bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmiş, baxış zamanı bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonra onun iştirakı ilə həmin bükümü elektron tərəzidə çəkmişlər, bükümün birinin çəkisi 0,32 qram, digərinin çəkisi isə 0,36 qram olmuşdur. Həmin iki ədəd bükümlər ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində 40 manat pul qarşılığında İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxsdən onlayın vasitəsi ilə almış, özünün istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarış qurtarmışdır. Protokol tərtib edilmiş, ona ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o, həmin protokola imza etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. O, narkotikdən istifadə etdiyi üçün onun narkotikdən asılılığı vardır. O, özü hazırda etdiyi əməldən çox peşmandır. O, heç kimə narkotik vasitə satmamışdır. Ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. O, azyaşlı uşağı vəfat etdikdən sonra narkotikdən istifadə etməyə başlamışdır. Bu səbəbdən də hər iki növ narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir.Əməlindən səmimi peşmançılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X6 çıxış edərək bildirmişdir ki, Şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 0,137 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs 19 may 2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib 19 may 2023-cü il tarixdə saat 17:00 dəqiqədən saat 17:45 dəqiqəyədək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə saxladığı 01(bir) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş şəxsi istehlak miqdarında 0,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Yevlax rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(039)-140/2023 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X3 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin Həbsetmənin əvvəli 27 sentyabr 2023-cü il tarixdən saat 12:20-dən hesablansın Yevlax rayon polis şöbəsinin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,137 qr heroin qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən məhv edilsin Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar