Məhkəmə qərarları › İş №3(039)-569/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-569/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-569/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs-də qablaşdırılmış məhsulların üzərində istehsal tarixi qeyd edilsə də, həmin tarix məhsulların istehsal tarixi deyil, məhsulların qablaşdırılması üçün nəzərdə tutulmuş tarix olmuşdur. Baxış zamanı məhsulların üzərindəki tarixin əvvəlcədən mətbəə üsulu ilə heç bir əsasa söykənmədən qeyd edilməsi aşkar edilmişdir. Bəzi məhsulların üzərində 1 il və 1 ildən daha çox artırılmış şəkildə son istifadə tarixi qeyd edilmişdir. Keçibuynuzu bəhməzinin üzərində son istifadə tarixi olaraq xx.xx.2020-ci il qeyd edilsə də, xırda həcmdə qablaşdırılmış məhsulların üzərində son istifadə tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Xammal olaraq müəssisəyə gətirilmiş küncütün üzərində istehsal tarixi olaraq xx.xx.2019-cu il qeyd edilmişdir və son istifadə tarixi xx.xx.2020-ci il olaraq göstərilmişdir. Lakin xırda həcmdə qablaşdırılmış məhsulların üzərində istehsal tarixi xx.xx.2019-cu il, saxlama müddəti üsə 3 il qeyd edilmişdir. Kokos xammalının üzərində 2019-cu ilin noyabr ayında istehsal edilməsi və son istifadə tarixi olaraq 2020-ci ilin noyabr ayı qeyd edilsə də, xırda həcmdə qablaşdırılmış məhsulların üzərində 2018-ci ilin mart ayında istehsal edilməsi və son istifadə tarixi olaraq isə 2021 -ci ilin mart ayı qeyd edilmişdir. Üyüdülmüş cirənin xammal kisəsinin üzərində 2019-cu ilin dekabr ayında istehsal edilməsi, son istifadə müddətinin 2021-ci ilin dekabr ayı olması qeyd edilsə də, xırda həcmdə qablaşdırılmış məhsulların üzərində 2022ci ilin avqust ayı son istifadə tarixi olaraq qeyd edilmişdir. Xammal olaraq gətirilmiş jelelərin üzərində 2022-ci ilin noyabr ayı son istifadə tarixi olaraq qeyd edilsə də, xırda həcmdə qablaşdırılmış məhsulların üzərində 2023-cü ilin mart ayı qeyd edilmişdir. Müəssisədə xammalların və hazır məhsulların saxlama qaydalarına riayət edilməmişdir. Belə ki, xammallar və hazır məhsullar beton döşəmə üzərində, divara bitişik halda, nisbi rütubətə və temperatura nəzarət edilmədən saxlanılır. Müəssisədə istifadə edilən xammalların və xırda həcmdə qablaşdırma üçün istifadə edilən qablaşdırma materiallarının müşayiətedici sənədləri yoxlamaya təqdim edilməmişdir. Müəssisədə istifadə edilən su filterdən keçmədən birbaşa müəssisəyə daxil olur. Süni havalandırma məqsədilə gətirici-sorucu ventilyasiya sistemi quraşdırılmamışdır. Müəssisədə texnoloji ardıcıllıq prinsiplərinə əməl edilməmişdir. Belə ki, xammalların, qablaşdırma materiallarının, etiketlərin, hazır məhsulların, yararlılıq müddəti ötmüş məhsulların o cümlədən orta temperaturda saxlanılmalı olan məhsulların yığılması üçün ayrı-ayrılıqda sahələr təşkil edilməmişdir. Qeyd edilən bütün proseslər bir-biri ilə qarışıq halda həyata keçirilir. Təbii havalandırmada istifadə olunan qapı və pəncərələrdə həşəratların girişini əngəlləmək məqsədilə qoruyucu metal torlar quraşdırılmamışdır. Süni işıqlanmada istifadə edilən lampaların bir neçəsi qoruyucu plafonla təchiz edilməmişdir. Müəssisənin girişində dezinfeksiyaedici məhlullarla isladılmış dezbaryer quraşdırılmamışdır. Əllərin yuyulması və dezinfeksiya edilməsi məqsədilə müəssisənin girişində əl yuma çanağı quraşdırılmamışdır. Müəssisənin otaqlarının döşəməsi asan yuyulabilən materiallarla üzlənməmişdir. Bəzi otaqların tavanlarının tamlığı pozulmuşdur. Qablaşdırma zamanı istifadə edilən alət və ləvazimatların yuyulması məqsədilə yuma sahəsi ayrılmamışdır. Müəssisənin ərazisi asfalt örtüyü ilə üzlənməmişdir. Müəssisəsnin otaqlarında nisbi rütubəti və temperaturu ölçmək məqsədilə müvafiq cihazlar təmin edilməmişdir. Müəssisədə çalışan işçilər üçün soyunub geyinmə otağı ayrılmamışdır. Müəssisədə vaxtaşırı olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması məqsədilə müvafiq səlahiyyətli qurumla müqavilə bağlanmamışdır. Bundan əlavə olaraq Şəxs-yə məxsus Yevlax rayonu, Xaldan qəsəbəsində fəaliyyət göstərən qablaşdırma müəssisəsində aparılan yoxlama zamanı məhsulların saxlanma şəraitinə riayət edilməməsinə və məhsulların son istifadə tarixlərinin standartlara uyğun olmaması aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X7 izahat verərək bildirdi ki, səhlənkarlığı səbəbindən qeyd edilən nöqsanlara yol verilmişdir. Hazırda həmin nöqsanlar aradan qaldırılmışdır və bu barədə X2 məlumat verilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Yevlax rayon prokuroru Ceyhun Almasov tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraat başlanılması” haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 220.2-ci və 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci və 444.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar