Məhkəmə qərarları › İş №3(039)-584/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-584/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-584/2020 22.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Kömitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli, xx-xx- 2019 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********8082 saylı və **********8047 saylı gömrük bəyannamələri üzrə ümumi çəkisi 49000 kq, dəyəri 11270 ABŞ dolları olan “Təzə soğan” yükü rəsmiləşdirilərək Qətər Respublikasında yerləşən “X3” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən yükün dəyəri 11270 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs MMC-nin barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli, xx-xx- 2019 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********8082 saylı və **********8047 saylı gömrük bəyannamələri üzrə ümumi çəkisi 49000 kq, dəyəri 11270 ABŞ dolları olan “Təzə soğan” yükü rəsmiləşdirilərək Qətər Respublikasında yerləşən “X3” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən yükün dəyəri 11270 ABŞ dolları olmuşdur; Yevlax Gömrük Postunun rəisi Nazim İsayev tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi İsa Quliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC Yevlax Gömrük Postunda konsiqnasiya yolu ilə bir bəyannamə üzrə ixrac edilən yükün dəyəri-11270 ABŞ dolları olan vəsait 180 gün ərzində Azərbaycan Respublikasənda müvəkkil bankda olan hesablarına köçürülməmişdir; xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” adı ilə “Gömrük qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəticəsində yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 1 il ərzində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolla və səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 49000 kq “təzə soğan” yükü xx.xx.2019-cu il tarixdə Qətər Respublikasında yerləşən “X3” şirkətinə ixrac olunmuş və bu barədə eyni tarixli gömrük bəyannaməsi tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, Şəxs MMC xx.xx.2019-cu il tarixdən 180 gün ərzində, yəni xx xxxx 2020ci il tarixədək ixrac etdiyi məhsulun dəyəri olan 11270 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da xx xxxx 2020ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta- 11270 ABŞ dolları vəsaitin otuz faizi miqdarında, yəni 3381 ABŞ dolları (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar