Məhkəmə qərarları › İş №3(039)-594/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-594/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-594/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 06 iyul 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 22.06.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən 06 iyul 2021-ci il tarixdə qəbul edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 5000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, Yevlax şəhəri H.Əliyev prospekti 24 ünvanında yerləşən X3 məxsus stomoloji kabinetdə 17 may 2021-ci il tarixində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılan monitorinq zamanı X1 lisenziya olmadan diş texniki işi ilə məşğul olması faktı aşkarlanmışdır. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X2 tərəfindən 06 iyul 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, hazırda diş texniki kimi fəaliyyət göstərmir. Əgər göstərsəydi vergi orqanının əməkdaşları onun obyektinə də çəkiliş ilə gəlib və faktı video görüntü ilə təsdiq edərdilər (hansı ki, onlar digər obyektlərə çəkiliş ilə girmişlər). Sonradan bilmişdir ki, guya ki o, ərizə yazaraq lisenziya olmadan fəaliyyət göstərdiyini bildirmişdir. Bu isə yalandır. O, fəaliyyət göstərməmişdir. Vergi orqanının əməkdaşı ona hazır yazıya imza etdiribdir. O isə orada nə yazıldığını bilməmişdir. Belə ki, o iki müharibə iştirakçısıdır. Həm aprel döyüşlərində, həm də Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmiş. Yaralanaraq xəsarətlər və kontuziya almışdır. Çox əsəbidir və çox şeyi dərk edə bilmir. Ona görə də nəyə imza etdiyini bilməmişdir. Düzdür həmin vaxt o, VÖEN-ə sahib olmuş (hazırda isə VOEN-i də bağlatmışdır), lakin diş texniki kimi fəaliyyət götərməmişdir. Hesab edir ki, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, çox saylı medallara (“Ağdamın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”) layiq görülmüş birinin belə əsassız olaraq 5000 manat cərimə edilməsi ədalətsizlikdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, əvvəllər diş texniki kimi fəaliyyət göstərsə də, sonradan bu fəaliyyətini dayandırmışdır. O, fəaliyyət göstərən zaman lisenziya alınmalı olmasını bilməmişdir. 17 may 2021-ci ildə vergi orqanının nümayəndələri onun əvvəllər fəaliyyət göstərdiyi obyektə gəlmiş və ona bir daha bu fəaliyyətlə məşğul olmayacağı barədə ərizə yazdırmışlar. O, bu ərizənin əsasında onun barəsində inzibati xəta haqqında icraat başlayacağından xəbərsiz olmuşdur. Bundan sonra o, vergi orqanına müarciət edərək VÖEN-nini bağlatdırmışdır. Barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı, 06 iyul 2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 24 ünvanında yerləşən X3 məxsus stomoloji kabinetdə 17 may 2021-ci il tarixində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılan monitorinq zamanı X1 lisenziya olmadan diş texniki işi ilə məşğul olması faktı aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında qərar, inzibati iş üzrə inzibati xəta haqqında qərardan verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 17 may 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 24 ünvanında yerləşən obyektdə lisenziya olmadan diş texniki işi ilə məşğul olması halı aşkar olunmuş və o, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs kimi barəsində 5000 manat məbləğində cərimə tətbiq olunmuşdur. X4 məhkəmə iclasında verdiyi, xüsusi razılıq (lisenziya) əsasında diş texniki fəaliyyəti ilə məşğul olma tələbinə əməl etməyərək Yevlax şəhəri H.Əliyev prospekti 24 ünvanında yerləşən obyektdə lisenziya olmadan diş texniki fəaliyyəti göstərməsi kimi izahatı ilə faktiki olaraq qeyd olunan tarixdə tərəfindən törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda 17 may 2021-ci il tarixdə qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X2 tərəfindən MN seriyalı ******* saylı, 06 iyul 2021-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, X2 tərəfindən MN seriyalı ******* saylı 06 iyul 2021-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar