Məhkəmə qərarları › İş №3(039)-606/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-606/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-606/2022 03.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, X38 oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X15, Yevlax rayon X30 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, zərərçəkmiş şəxslər X10, X2 və X11, barəsində inzibati icraat aparılan şəxs X31 oğlunun, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə 15.12.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X31 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokollar 03 iyun 2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X31 oğlu 07.02.2022-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 9/18-də yaşayan X16 məxsus su matorunu, 17.05.2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti 89/13-də yaşayan X8 məxsus su matorunu, 18.05.2022-ci il tarixdə Yevlax şəhəri İ.Dəmirov küçəsi 4/8-də yaşayan X17 məxsus 1 ədəd akkumulyatoru, 21.05.2022-ci il tarixdə Yevlax şəhəri C.Cabbarlı küçəsi 7/9-da yaşayan X4 məxsus su matorunu, 22.05.2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti 37/5-də yaşayan X18 məxsus 1 ədəd akkumulyatoru, 23.05.2022-ci il tarixdə Yevlax şəhəri Fizuli küçəsi bina 23/43-də yaşayan X12 məxsus su matorunu, və 24.05.2022-ci il tarixdə Yevlax şəhəri C.Cabbarlı küçəsi 7/6-da yaşayan X21 məxsus 1 ədəd akkumulyatoru oğurlamışdır. Barəsində inzibati icraat aparılan X31 oğlunun törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material 03.06.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X25 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolların dəlillərinə uyğun izahat vermiş və X7 barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X13 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolların dəlillərinə uyğun izahat vermiş və X7 barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X31 oğlu məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Yadında qalmayan tarixlərdə tanımadığı şəxslərə məxsus su matorlarını və akkumulyatorlarını oğurlamışdır. Bu hərəkətləri etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X23 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 18.05.2022-ci il tarixdə özünə məxsus avtomobilindən akkumulyatorun oğurlandığını müəyyən edərək dərhal polisə şikayət etmişdir. Bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 21.05.2022-ci il tarixdə səhər saatlarında məhləsindən su matorunun oğurlandığını müəyyən edərək dərhal polisə şikayət etmişdir. Bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X24 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, Rusiya Federasiyasında yaşayan qohumuna məxsus avtomobil onlar nəzarət etməsi üçün onlara həvalə edilmişdir. 22.05.2022-ci il tarixdə səhər saatlarında həmin avtomobilin akkumulyatorunun oğurlandığını müəyyən edərək dərhal polisə şikayət etmişdir. Bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edilsə də, X19 məhkəmə prosesində iştirak edə bilmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** mobil telefona zəng edilsə də, X22 məhkəmə prosesində iştirak edə bilmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 07.04.2022-ci il tarixli, 3(039)-324/2022 saylı qərarından görünür ki, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 ay inzibati qaydada həbs edilmişdir: 03 iyun 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, X20 03.06.2022-ci il tarixdə saat 08:30-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X31 oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X31 oğlu inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X31 oğlu Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən saat 08:30-dan hesablansın. X31 oğlundan vurulmuş ziyana görə 60 (altmış) manat pul alınıb X12, 60 (altmış) manat pul alınıb X16, 80 (səksən) manat pul alınıb X8, 90 (doxsan) manat pul alınıb X18, 80 (səksən) manat pul alınıb X17, 80 (səksən) manat pul alınıb X4 və 90 (doxsan) məbləğində pul alınıb X21 ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar