Məhkəmə qərarları › İş №3(039)-618/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-618/2021

07.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-618/2021 07.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olan və Yevlax rayonu Nemətabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 07 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.08.2021-ci il tarixdə Yevlax rayonu Xaldan kəndi ərazisində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 çıxış edərək bildirmişdir ki, 07.08.2021-cİ il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olan zaman saat təxminən 00:15-də Yevlax rayon Xaldan kəndində yerləşən "Ərik bağı" adlı kafenin saat 00:00-dan sonra işlədiyini görmüşlər. Polis əməkdaşları həmin obyektə yaxınlaşıb, karantin qaydasının pozulmasına yol verən şəxsləri müəyyən etmişlər və həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişlər və polis şöbəsinə gəlməkdən imtina etmişlər və onlardan Şəxs polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və onları söymüşdür. Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirmişdirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 06 avqust 2021-ci il tarixdə Yevlax rayonu Xaldan kəndinə qohumunun yanına qonaq getmişdir. Qohumu ilə spirtli içki qəbul etdikdən sonra oturduqları kafeyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onlara karantin qaydasını pozduqlarını və kafeni tərk etmələrini tələb etdikdə o, sərxoş olduğu üçün özündən asılı olmayaraq polis əməkdaşlarını söymüşdür. Hazırda əməlindən peşman olmasını, polislərdən üzr istədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X10-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 çıxış edərək bildirmişdir ki, 07.08.2021-cİ il tarixdə o, post yoldaşı X1 ilə birlikdə Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olan zaman saat təxminən 00:15-də Yevlax rayon Xaldan kəndində yerləşən "Ərik bağı" adlı iaşə obyektinin saat 00:00-dan sonra işlədiyini görmüşlər. Onlar həmin obyektə yaxınlaşıb, karantin qaydasının pozulmasına yol verən şəxsləri müəyyən etmiş və həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs onlara nalayiq ifadələr işlətmiş və onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Vətəndaşı sakitləşdirmək mümkün olmamış və onlar əlavə kömək çağırmalı olmuşlar. Sonradan Şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun sərxoş olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X10-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X1 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 07 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.08.2021-ci il tarixdə Yevlax rayonu Xaldan kəndi ərazisində karantin rejimi qaydasını pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 07 avqust 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 07 avqust 2021-ci il tarixdə saat 00:10-da tutulmuşdur; Sərxoşluğun müayinəsinə dair 07.08.2021-ci il tarixli ,165 №li protokoldan görünür ki, Şəxs yüngül dərəcə sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyası hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 07 avqust 2021-ci il tarixdən saat 00:10-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar