Məhkəmə qərarları › İş №3(039)-678/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-678/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-678/2021 31.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1948-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 avqust 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 31 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 avqust 2021-ci il tarixdə Yevlax şəhəri 2 saylı orta məktəbin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 12 avqust 2021-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs keçmiş gəlinidir. O, 12.08.2021-ci il tarixdə Yevlax şəhəri 2 saylı orta məktəbin qarşısında gedərkən Cahan və onun anası ilə rastlaşmış. Həmin vaxt Cahan heç bir səbəb olmadan onun yanından keçən zaman qolundan yumruqla vurduqdan sonra sifətinə tüpürmüşdür. Lakin o, Cahanı döymədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs keçmiş qaynanasıdır və o, mütamadi olaraq onun barəsində xoşagəlməz şayələr yayır. 12.08.2021-ci il tarixdə o, anası ilə vaksin vurdurmaq üçün gedən zaman Yevlax şəhəri 2 saylı orta məktəbin qarşısında Pərzad ilə qarşılaşmışdır və o, Pərzadın onun barəsində yaydığı sözlərin qısası olaraq o, Pərzada yaxınlaşıb sifətinə tüpürmüşdür. Bundan sonra Pərzad onun gözünün altını cıraraq ona xəsarət yetirmişdir. Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 avqust 2021-ci il tarixdə Yevlax şəhəri 2 saylı orta məktəbin qarşısında Zərərçəkmiş şəxs döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar