Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-678/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 20 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1180/2021 saylı, xx.xx.2021 il tarixli icra sənədi üzrə yaranmış 10030 manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 10030 borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, tələbkardan ümumilikdə 1000 manat borc pul almışdır. Lakin tələbkar onun pula ehtiyacı olmasından istifadə edərək ona 10000 manat pul üçün qəbzə imza çəkdirmişdir. Bundan başqa o, Vətən Müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” müdalları ilə təltif olunmuşdur. Bundan başqa o, müharibə iştirakçısı olduğu üçün 80 manat məbləğində təqaüd alır. Hazırda səhhətində olan problemlər üzündən işləyə bilmir. O, tələbkara hər ay ona təyin olunmuş təqaüddən 40 manat ödəməyə hazırdı. Artıq pul ödəməyə imkanı yoxdur. Belə ki, o, xəstəliklərinə görə şəhər ərazisində olan apteklərdən nisyə dərmanlar almışdır və onları ödəməyə də imkanı çatmır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, hazırda Şəxs şikayətçidir, borcunun ödənilməsini, ödənilməyəcəyi təqdirdə onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1180/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 10030 manat borcunu ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-1180/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 10000 manat borc, habelə 30.40 manat ödənilmiş dövlət rüsumun əvəzi, ümumi 10,030 manat 40 qəpik pul Zərərçəkmiş şəxs xeyrinə verilməlidir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1180/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 4817 nömrəli travma haqqında arayışının surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixində Talış kəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin zərbə dalğası nəticəsində “Gövdənin küt travması Barotravma” diaqnozu ilə xəsarət almışdır; İ-1783 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə Şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur; İ-17830 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2711 nömrəli Sərəncamı ilə Şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; İ-8592 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-1180/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları (Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-678/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-678/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver