Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-686/2023 09.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, X1, Müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Yevlax rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Məmmədov X6 Rayon Məhkəməsinin 2(051)-1442/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 640 manat aliment borcunu ödəməkdən yayınmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. 09 oktyabr 2023-cü il tarixdə borclu könüllü olaraq icra şöbəsinə gəlmişdir. Şöbədə icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək qalıq 640 manat aliment borcunu tam ödəyə bilməcəyini və hazırda xəstə olduğunu, səhhəti düzələn kimi aliment borcunu ödəyəcəyini bildirmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, əvvəllər Mingəçevir şəhərində avtoyumada işləyirdi. Lakin 2021-ci ilin noyabr ayında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır və hazırda heç bir yerdə işləmir, ayağında mil var, hərəkət etməkdə belə çətinlik çəkir. Anası məktəbdə işləyir və ona anası baxır. Səhhəti ilə əlaqədar olaraq borcunu ödəməkdə çətinlik çəkdiyini və ayağa qalxdıqdan sonra borcunu hissə-hissə ödəyəcəyini bildirərək barəsində olan protokolun icraatına xitam verilməsini xahiş etmişdir. Vəkil X10 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, barəsində inzibati icraat aparılan şəxs borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmır, o hazırda səhhəti ilə əlaqədar olaraq işləmir. İnzibati xəta haqqında protokolun icraatına xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs ilə bir il ailəli olmuşdur. 2023-cü ildə ayrılmışlar və uşağa özü baxır. Hazırda “5+”da kassir işləyir, 300 manat maaş alır, aldığı maaşın 200 manatını kreditə verir, özü də kirayədə yaşayır. Borclu Şəxs torpaq sahəsi vardı və onu satıblar. Hazırda borcun tam şəkildə ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Məmmədov X6 Rayon Məhkəməsinin 2(051)-1442/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə yaranmış 640 manat aliment borcunu ödəməkdən yayınmışdır; İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir Rayon Məhkəməsinin 2(051)-1442/2023 saylı, xx.xx.2023-cü il tarixli il icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Regional Hospitalın xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Şəxs sol baldır sümüklərinin iki pr-da R-müayinəsində sol qamış və incik sümüklərinin yuxarı 1/3-də bitişməkdə olan köhnə sınıqları və qoyulmuş İlizarov aparatı müşahidə olunmuşdur; Regional Hospitalın xx.xx.2023-cü il tarixli “Sol aşağı ətraf arteriyaların və venaların doppleroqrafiyası”ndan görünür ki, Şəxs sol aşağı ətraf arteriyaların diametri normaldır. Doppler müayinəsində arteriyaların mənfəzində qan sürəti normaldır. Hemodinamik əhəmiyyətli dəyişikliklər qeyd olunmur. Sol aşağı ətraf dərin və superficial venaların mənfəzi açıqdır. Kompression zamanı venalar qatlanır, tromboz və ya stenoz müşahidə olunmur. Doppler müayinəsində venus refluks aşkar olunmadı. Sağ VSM-N, VSP-də GRD-1 reflyuks izlənilir. Sol baldır nahiyyədə bir neçə ədəd kortikal kollateral varikoz venalar qeyd olundu, ən qalın yerində 3.6 mm ölçüldü, varikoz venalar içində tromboz müşahidə olunmadı. Sol inquinal nahiyyədə bir neçə ədəd reaktiv LAP-lar izlənilir, ən böyüyü 27x7 mm ölçüdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı hazırkı icra sənədi üzrə isə borclu tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması və onun məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə təqdim edilsə də, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdən, habelə şəxsin məhkəmə iclasındakı vizual görünüşü ilə (Şəxs sol ayağı əməliyyat olunub, hazırda sarğıda olmaqla tibbi kramer şinası tətbiq edilmişdir, ayaq üstə durmaqda çətinlik çəkir, qoltuqaltı tibbi əsalardan istifadə etməklə yeriyir) müəyyən olunur ki, barəsində inzibati icraat aparılan şəxsin sağlamlığı ilə əlaqədar olaraq heç bir fiziki işlə məşğul ola bilməməsi borclunun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Mingəçevir Rayon Məhkəməsinin 2(051)-1442/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X8 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-686/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-686/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver