Məhkəmə qərarları › İş №3(039)-710/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-710/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-710/2021 13.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Salamabad kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 13 sentyabr 2021-ci il tarixdə Yevlax rayonu Salamabad kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, 03 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixə keçən gecə Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan X5 məxsus evin hamam otağından oğurluq olması faktı ilə bağlı Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan Şəxs şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılan zaman onların qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı X3 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 13 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmiş, bu zaman polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş və onlarla mübahisə etmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı X9 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 03 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixə keçən gecə Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan X5 məxsus evin hamam otağından oğurluq olması faktı ilə bağlı Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan Şəxs şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılan zaman onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan 13 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 13 sentyabr 2021-ci il tarixdə saat 13:00-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsi, polis sahə rəisi, polis kapitanı Yunis İsmayılovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar