Məhkəmə qərarları › İş №3(039)-720/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-720/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-720/2025 25.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2400 manat borcunu X2na ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 çıxış edərək bildirmişdir ki, Yevlax rayon Məhkəməsinin 2(039)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs X2na icra sənədi üzrə 2400 manat aliment borcunu ödəməmişdir.Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Yevlax rayon Məhkəməsinin 8(039)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclunun Yevlax rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilmişdir.Həmin qərardadın icrası ilə bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən borclu Şəxs məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq Yevlax rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi təmin edilmişdir.Borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, və icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, hazırda işləmir və maddi imkanı olmadığı üçün borcunun hər hansı bir hissəsini ödəyə bilmədiyini və hər ay tələbkar tərəfə cəmi 100 manat aliment borcundan ödəniş etməyə imkanı çatmasını qeyd edərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, himayəsində 2 azyaşlı övladı vardır, onların saxlanması üçün borclu təəfindən alimentin ödənilməsini tələb etmişdir. Hazırda icra sənədi üzrə borclunun hər ay 100 manat aliment ödəməsinə razı olmadığını və borclu barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi . üzrə 2400 manat borcunu X2na ödəməkdən yayınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu məhkəmə aktı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, habelə icra məmurunun qanuni çağırışlarına gəlməkdən yayınmış və nəticədə ötən 8 aydan artıq müddətdə qanuni qüvvəsini almış məhkəmə qərarı icrasız qalmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar