Məhkəmə qərarları › İş №3(039)-747/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-747/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-747/2021 30.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5, X2 nümayəndəsi X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Varvara kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1290/2019 №-li, 15 avqust 2019-cu il tarixli icra sənədinə əsasən, yaranmış 4500 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1290/2019 №-li, 15 avqust 2019-cu il tarixli icra sənədinə əsasən 09 iyun 2007-ci il təvəllüdlü X8 və 08 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Yevlax Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qərardadı nəzərə alınmaqla 15 avqust 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment iddiaçı X7 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs yaranmış 4500 manat aliment borcunun ödənilməsi tələb edilmiş və o, 30 sentyabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında X2 nümayəndəsi X3 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən, borclu Şəxs tələbkar Aytən Xəlilovaya 4500 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs ödəniş etmir, dəfələrlə vəd verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. İcra sənədi üzrə aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, tələbkar Aytən Xəlilovanın xeyrinə 260 manat ödəmək istəmiş, lakin tələbkar Aytən Xəlilova bu məbləği qəbul etmir. Hazırda icra sənədi üzrə tələbkar Aytən Xəlilovaya 4500 manat məbləğində aliment borcu yaranmışdır. Heç bir yerdə işləmir, himayəsində 2 xəstə bacısı vardır. Aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tələbkarın nümayəndəsi Ruqiyyə Abdullayevanın izahatı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar