Məhkəmə qərarları › İş №3(039)-757/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-757/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-757/2024 12.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1982-ci ildə Yevlax rayonunun Yuxarı Salamabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də satıcı işləyən, Yevlax rayonu Yuxarı Salamabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4326/2017 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4326/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 15 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 aprel 2010-cu il təvəllüdlü Şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 4326/2017 saylı icra vərəqəsinə əsasən ondan 15 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 aprel 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşaına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən, həmçinin icra sənədindən məlumatı olmamışdır. Belə ki, işə baxılan zaman məlumatlandırılmamış, həmçinin məhkəmənin qətnaməsi ona verilməmişdir. Həmin qətnamə əsasında icra vərəqəsinin verilməsindən də məlumatı olmamışdır. İcra sənədinin mövcudluğundan 2024-cü ilin iyul ayında ona SMS xəbərdarlıq gəldikdən sonra məlumatı olmuş və dərhal Yevlax rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surəti və tələbin könüllü icrası ilə bağlı həmin tarixli bildiriş xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən ona təqdim edilmişdir. Həmin tarixədək ondan heç kim aliment tələb etməmiş və icra məmuru tərəfindən hər hansı şəkildə məlumatlandırılmamışdır. xx.xx.2024-cü il tarixdə Yevlax rayon İcra və Probasiya Şöbəsində izahat vermiş və izahatında da həmin xüsusatları göstərmişdir. İcra sənədindən məlumatı olmadığından alimenti də ödəyə bilməmiş və hazırkı borc yaranmışdır. İcra məmuru tərəfindən xəbərdarlıq edildikdən sonra həmin məbləği birdəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Aldığı əmək haqqından başqa qazancı və digər gəlirləri yoxdur. Bununla belə 12 avqust 2024-cü il tarixdə borcundan 1000 (bir min) manatını ödəmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. O icra sənədinin icrasından yayınmamış və qaçıb gizlənməmişdir. İcra və Probasiya Şöbəsi tərəfindən vaxtında məlumatlandırılmadığından icra sənədi üzrə hazırkı borc yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs (tələbkar) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4326/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 15 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 aprel 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4326/2017 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs həmin tarixdə tələbkara 1000 (min) manat ödəmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4326/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 15 dekabr 2008-ci il təvəllüdlü X8 və 25 aprel 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşaına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin iş materiallarında borclunun həmin qərarı və bildirişi almasını təsdiq edən sənəd müəyyən edilməmişdir. İş materiallarından, eləcə də borclunun izahatından müəyyən edilmişdir ki, icraata başlamaq haqqında qərarın surəti və bildiriş borcluya 15 iyul 2024-cü il tarixdə təqdim edilmiş və borclunun izahatı ilk dəfə 16 iyul 2024-cü il tarixdə alınmışdır. Bundan sonra isə borclu icra sənədi üzrə 12 avqust 2024-cü il tarixdə 1000 (bir min) manat ödəmişdir. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 12 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar